Yəqin ki, siyasi liderlərə ən yaxın olan şəxslər onların xidməti personalının üzvləri sayılır, sürücülər, köməkçilər, mühafizəçilər və s.
Məhz təkcə onlar sutkanın 24 saatı birincilərin ətrafında olurlar. Xüsusilə də mühafizəçilər. Əgər nəzərə alsaq ki, mühafizəçilər sui-qəsd və ya bədbəxt hadisələr, yaxud da qəzalar zamanı mühafizə etdikləri şəxsləri bədənləri hesabına olsa da belə qorumağa borcludurlar, onda bu işin nə qədər təhlükəli olduğunu anlamaq o qədər də çətin deyil.Bəs siyasilər necə, onlar da öz mühafizəçilərini “qoruya” bilirlərmi?
SSRİ liderlərinin də təhlükəsizlik məsələləri həmişə diqqət mərkəzində olub. Stalinin hakimiyyəti dövründə mühafizə sistemi daha da gücləndirilib. Ayrı-ayrı mənbələrdəki göstəricilərə görə İosif Stalinin mühafizəçilərinin ümumi sayı 1500 nəfər olub. 1943-cü ildə bu say 3000-ə çatıb. Bununla yanaşı Kremlin ərazisini 1200 zabit və əsgərdən ibarət xüsusi təyinatlı alay da mühafizə edib.
Stalinin təhlükəsizliyinə cavabdeh olanlar xüsusi xidmət orqanları tərəfindən yoxlanıldıqdan sonra təlim keçiblər. Birinci eşelon mühafizəçilər, yəni birbaşa Stalinin yanında olanlar, onu kabinetində, mənzilində, bağ evində və avtomobillə hərəkəti zamanı mühafizə edənlər isə xüsusi qaydada seçiliblər.
Bəzi araşdırmaçıların qənaətinə görə. Stalin öz mühafizəçilərinə qarşı olduqca kobud rəftar edib, sərt davranıb. Nikita Xruşov da öz xatirələrində bu məsələyə toxunub:
“Stalin mühafizəçilrini ümumiyyətlə adam yerinə qoymurdu. Haqlı-haqsız, rəsmi və qeyri-rəsmi tədbirlərdə onların ünvanına şərəflərinə toxunacaq ifadələr işlədirdi. Həm də kifayət qədər mürəkkb xarakterli, kobud və sərt bir insandan nə gözləmək olardı ki? Gözlərimin şahidi olduğu bir faktı demək kifayətdir. Biz tez-tez Stalinin bağına yığışırdıq. Süfrə açılırdı və məclis gecə yarıyadək davam edirdi. Həmin məclislərin birində Stalin süfrə arxasından durub dəhlizin baş tərəfindəki tualetə getdi.
Tualetdən çıxdıqdan sonra o, hamımızın yanında mühafizəçini çox narazı halda danlamağa başladı:
- Siz kürsülərdə əyləşib mürgüləməyə son qoyun. İşinizin öhdəsindən gələ bilmirsinizsə, mən sizi lazım olan yerə göndərə bilərəm.
Mühafizəçi özünü doğrultmağa cəhd etdi:
- Yoldaş Stalin, biz sizin vanna otağında olduğunuzu bilirdik və ümumi qapının arxasında öz yerimizdə idik.
- Siz hər yerdə mənim yanımda olmalısınız.
Onun dediyindən belə çıxırdı ki, mühafizəçilər tualetdə də onun yanında olmalıdırlar. Bax, belə düşünürdü “xalqlar atası”, düşündüyü kimi də tələb edirdi...”
Amma Xruşovun fikirlərindən fərqli olaraq Stalinin mühafizəçilərlə xoş münasibətdə olduğunu söyləyənlər də az olmayıb.
Uzun illər Stalinin bağ evində mühafizəçi olan Aleksey Rıbin öz xatirələrində yazıb:
“Bir dəfə bizim növbəmizdə olan Tukov soyadlı mühafizəçi növbədə yatarkən mühafizə rəisi general Vlasik onu tutmuşdu. Bu hadisə Stalinə də məruzə edilmişdi. Vlasik cəza tədbiri kimi Tukovu xidmətdən azad etmək istəyirdi. Amma Stalin buna imkan vermədi, dedi ki, əgər o, səhvini etiraf edibsə, qalsın işini davam etdirsin...”
Həmin Tukov xidməti zamanı yatarkən növbəti dəfə də yaxalanıb. Bu dəfə onu Stalin özü müşahidə edib. Belə ki, Stalinlə Molotov çox da uzaq olmayan bir səfərə çıxıblar. Onlar maşının arxa oturacağında, Tukov isə sürücünün yanında əyləşib. 15-20 dəqiqə keçdikdən sonra Tukovun mürgülədiyini görən Molotov Stalindən soruşub:
- İndi kim kimi qoruyur, siz onu, yoxsa o sizi?
Stalin zarafatla cavab verib:
- Hazırda mən onu qoruyuram, hətta o, hər ehtimala qarşı tapançasını da mənə verib.
Səfərdən qayıtdıqdan sonra Stalin Tukov haqqında ətraflı məlumatlar əldə edib. Məlum olub ki, mühafizəçi kiçik bir otaqlı mənzildə yaşayır, həyat yoldaşı və xəstə qızı ilə. Elə bu səbəbdən də o, növbədən sonra normal istirahət edə bilmir. Stalinin götərişi ilə Tukovun mənzil şəraiti yaxşılaşdırılıb.
Stalinin mühafizəçilərə qarşı münasibəti haqqında Yelena Prudnikova müəllifi olduğu “İosif Stalin haqqında həqiqətlər” kitabında maraqlı qeydlər edib:
“Stalin mühafizəçilərinə diqqət və qayğı ilə yanaşıb. Soyuq qış günlərinin birində bağ mühafizəçisi Melnikovu nimdaş hərbi formada görəndə Stalin ona yaxınlaşıb və soruşub:
- Sizi ildə neçə dəfə hərbi forma ilə təmin edirlər.
- Çəkmə, şinel, gödəkcə üç ildə bir dəfə, digər geyimlər isə ildə bir dəfə.
- Bəs sənə məni qorumağa görə nə qədər əmək haqqı verirlər?
- Yoldaş Stalin, 600 rubl.
Stalin narazı tərzdə başını bulayıb və heç nə deməyib. Səhərisi gün o, mühafizəçilərin geyim, ərzaq və pul təminatının artırılması ilə bağlı müvafiq qurumlara göstəriş verib.
Müasirlərinin xatirələrində Stalinlə bağlı bu kimi faktlara çox rast gəlmək olar və belə bir nəticəyə də gəlmək olar ki, milyonların sevimlisi olan Stalin, həm də milyonların düşməni olub və o, ən azı özünü yerli düşmənlərdən, xarici qüvvələrdən qorumağı üçün mühafizəçilərinə qayğı göstərməyə məcbur olub. O ki qaldı Xruşovun Stalin haqqında xatirələrinə, onun yazdığı sətirlərdən xatirədən daha çox qisas qoxusu gəlir...
İlham Cəmiloğlu, Musavat.com