Ümumrusiya İctimai Fikrin Tədqiqatı Mərkəzinin keçirdiyi sorğudan sonra məlum olub ki, rusiyalılar arasında ən məşhur kəşfiyyatçı Rixard Zorgedir
Sorğu iştirakçılarının 15%-i Zorgeni tanıdığını bildirib. Ondan sonrakı yerlərdə Maks Otto fon Ştirlits (8%), Nikolay Kuznetsov (5%), Vladimir Putin (4%) qərarlaşıb.Qəribə taleli insan
Milliyyətcə alman olan Rixard Birinci Dünya Müharibəsində Almaniya tərəfdən döyüşüb, lakin sonra sovet kəşfiyyatına xidmət edib və faşizm üzərində qələbə üçün az əmək sərf etməyib. Çox dözümlü insan olan Zorge, həyatını riskə ataraq uzun illər Yaponiyada yaşayıb. Bahalı maşınlar və qadınlara olan ehtirası onun zəif cəhəti idi. Elə bu ehtirasın da qurbanı olur. Yaponiyada yerli rəqqasələrdən biri ilə olan qısamüddətli əlaqə əfsanəvi kəşfiyyatçının qanlı sonu olur. Qızın verdiyi danosdan sonra Rixard həbs edilərək edam olunur.
Stalinin gözündən düşən kəşfiyyatçının günahı
Sovetlər İttifaqında Rixard Zorge haqqında az bilirdilər: bir dəfə Stalinin gözündən düşən kəşfiyyatçı artıq özünü “təmizə çıxara bilmir”. Rəhbərlik qarşısında onun günahı bağışlanmaz idi: milliyyətcə rus olan arvadına gizli fəaliyyətini etiraf etmişdi. Həmin vaxt qadın Rixarddan hamilə idi, lakin tezliklə həbs edildi və zəhər verilərək öldürüldü.
“Ürək ovçusu”
Ümumiyyətlə isə Zorgenin həyatında çox qadın olub. Rəsmi olaraq üç dəfə nikaha girib: alman, rus və yapon qadınla. Bəzi qeyri-rəsmi məlumatlara görə gündoğan ölkədə kəşfiyyatçı - “ürək ovçusu”nun 30-dan çox məşuqəsi olub.
Zorgenin sonunu gətirən rəqqasə
Onlardan biri – yapon rəqqasə Kiomi Rixardın sonunu gətirərək onu polisin əlinə verir. Kiomi ilə olan əlaqə praktiki olaraq detektiv tarixçə idi: qadın polisə cəlb edilmişdi, onun sevdiyi şəxs həbs olunmuşdu və məşhur kəşfiyyatçı haqqında olan istənilən kompromat onun azadlığı demək idi. Gecələrin birində Kiomi Zorgenin öz informatoru olan ofisiantdan məktub aldığını müşahidə edir və bundan sonra onunla gecəni keçirməyə razılaşır. Kiomi və Rixard maşınla evə gedərkən kəşfiyyatçı yolda məktubu yandırmaq istəsə də “xain” alışqan işləmir. Onda Zorge kağızı cırır, avtomobilin pəncərəsindən bayıra atır və həmin ərazidən uzaqlaşır. Kiomi maşını telefon köşkünün yanında saxlamağı xahiş edir. Yarım saatdan sonra əlində həbs haqqında order olan polis Rixard Zorgenin evinə basqın edir. Beləliklə, casusluqda ittiham olunan Zorge edam edilir.
Məhz Zorge faşist qoşunlarının SSRİ-yə hücum edəcəyi haqda xəbərdarlıq etmişdi
...Sovet İttifaqında Rixard Zorgeyə münasibət birmənalı deyildi. Əvvəllər onu heç xatırlamırdılar. 1938-ci ildə o, SSRİ-yə qayıtmaq haqqında sərəncam alır. Buna baxmayaraq Zorge işləmək üçün Yaponiyada qalmaq qərarını verir. Maraqlıdır ki, sovet rəhbərliyi onun işini maliyyələşdirməkdən imtina edir və Zorge bütün informatorlarını demək olar ki, “öz cibindən” saxlayırdı. Kəşfiyyatçı inadla Moskvaya məlumat göndərməyə davam edirdi. Məhz Zorge faşist qoşunlarının SSRİ-yə hücum edəcəyi haqda xəbərdarlıq etmişdi. Məhz o, Yaponiyanın Sovetlər İttifaqına hücumu planlaşdırmadığını təsdiqləmişdi. Birinci məlumata şübhə ilə yanaşılsa da ikinci məlumat ciddiyə alınır və SSRİ-nin Uzaq Şərqdəki qoşunlarının bir hissəsi paytaxtın müdafiəsi üçün gətirilir. Bu, İkinci Dünya Müharibəsində Moskvanın almanlara təslim edilməməsində mühüm rol oynayır.
Rusiyada Zorge şəxsiyyətinə maraq dalğası 1960-cı illərdə əfsanəvi kəşfiyyatçı haqqında fransız filminin ekranlara çıxmasından sonra başlayır.
Nikita Xruşov filmdə qəhrəmanı görür və ölümündən sonra onu mükafatlandırmaq istəyir, lakin özü vəzifəsindən kənarlaşdırılır. Lakin təşəbbüs dəstəklənir və "Sovet İttifaqı Qəhrəmanı" adı öz sahibini tapır.
Arzu Səlim
QAZİLER.AZ