Moskvalı keşiş Dmitri Smirnovun 3 il əvvəlki şokedici nitqi yenidən gündəmdədir. "Gələcək müsəlmanlarındır" sözlərinə görə Rusiya ictimaiyyəti tərəfindən qınaq hədəfi olan din xadiminin fikirləri sosial şəbəkələrdə geniş müzakirə mövzusuna çevrilib. Qəribədir ki, onun bu fikirləri müsəlman istifadəçilər qədər bir çox xristianlar tərəfindən də rəğbətlə qarşılanır.
QAZİLER.AZ ANS PRESS-ə istinadla Rusiya dini icmasında mühüm vəzifələri tutan keşişi nitqindən bəzi məqamları təqdim edir:"Bir yaşlı qarı mənə yaxınlaşır və deyir: "Batya, mənə bir şeyi başa salın, mən kilsəyə getmək istəyəndə əlimi qaldırıram və istənilən taksi saxlayır. Əgər sürücü müsəlmandırsa, "Oğul anadan pul almaz" deyib pul götürmür. Yox, əgər xristiandırsa, "bu mənim işimdir" deyir və pulunu alır.
Mən o qadına dedim ki, bunun səbəbi çox sadədir. Çünki müsəlmanlar Allaha sənin xaç suyuna salınmış xaçpərəstən çox yaxındırlar. Çünki o müsəlman Allahın buyurduğu əməli edir. Çox maraqlıdır, Allahın xoşuna gəldiyi, bəyəndiyi əməlləri müasir müsəlman bilir, amma müasir xristian bundan xəbərsizdir.
İndi siz özünüz deyin, kim daha çox Allaha yaxındır? Buna görə də gələcək bu müsəlmanlarındır. Gələcəkdə Yer üzündə yalnız onlar qalacaqlar. Çünki bütün bunlar müasir xaçpərəstə lazım deyil.
Müsəlmanlar dinin bütün ayinlərinə əməl edirlər. Ramazan bayramında Moskva küçələrində 10 minlərlə əyilib ibadət edən nə qədər kişilər görürük. Bu qədər xristian kişini harada bir yerdə görmüsüz? Heç yerdə! Pasxa bayramında kilsəyə ancaq qadınlar gəlir".