Bir şəklin tarixçəsi - Brejnevin azərbaycanlı imperatriçəyə heyran olmağı...

Bir şəklin tarixçəsi - Brejnevin azərbaycanlı imperatriçəyə heyran olmağı... backend

Modern.az saytının “Bir şəklin tarixçəsi” rubrikasındakı növbəti təqdimatı ötən əsrin ortalarında mövcud olmuş iki imperiya – SSRİ ilə İran arasındakı münasibətləri əks elətdirir...

Zaman 1965-ci il... Məkan Moskva... İran şahı Məhəmməd Rza Pəhləvi ikinci dəfə SSRİ-yə gəlib... Bu dəfə azərbaycanlı xanımı da onu müşayiət edire.

Kremldə Sov.İKP MK-nın Baş katibi Leonid İliç Brejnev qonaqları qarşılayır...

Leonid İliç Brejnev Məhəmməd Rza Pəhləvi ilə əl tutub görüşməsinə baxmayaraq, odlu-alovlu baxışlarını İran şahının xanımı - şahbanu tituluna sahib olan imperatriçə, əslən azərbaycanlı Fərəh Dibadan ayıra bilmir. Brejnev Fərəh xanımın gözəlliyinə heyran qalıb.

18 il Sov.İKP MK-nın Baş katibi kürsüsünə sahiblik edən Leonid İliç SSRİ rəhbərləri arasında öz siyasi fəaliyyəti, davranışı, xalqla münasibəti, bir az baməzəliyi, bir az ciddiyyəti ilə yadda qalıb.

Leonid İliçin eyni zamanda qadınlara münasibəti də yaddaşlarda iz buraxıb. O, bütün yaş dövrlərində qadınlara qarşı marağını gizlədə bilməyib, onların gözəlliyinə biganə qalmayıb.

O dövrdə İran şahı Məhəmməd Rza Pəhləvi qonşu SSRİ ilə dost münasibətləri inkişaf etdirməkdə maraqlı idi. Elə SSRİ də həmçinin. İran şahının Moskvaya səfəri Sovet İttifaqının rəhbərliyi üçün siyasi, iqtisadi və hərbi baxımdan çox əhəmiyyətli idi. İranla konstruktiv münasibətləri qoruyub saxlamağa çalışan rəsmi Moskva Məhəmməd Rza şahın ABŞ-la çox da yaxınlaşmasını istəmirdi. Məhz həmin dönəmlərdə İran iki böyük dövlətin maraqlarının toqquşa biləcəyi növbəti “qaynar nöqtə” ola bilərdi. Buna qədər SSRİ və ABŞ Vyetnamda və Koreyada kəllə-kəlləyə gəlmişdilər.

İran şahı Məhəmməd Rza Pəhləvi hakimiyyəti dövründə 3 dəfə SSRİ-yə səfər etmişdi -1956, 1965 və 1972-ci illərdə... Məhz həmin səfərlər çərçivəsində SSRİ və İran arasında iqtisadi və texniki sahədə müxtəlif sənaye obyektlərinin tikintisinə və digər əməkdaşlıq haqqında sazişlər bağlanmışdı.

Məhəmməd Rza Pəhləvi 16 sentyabr 1941-ci ildən 11 fevral 1979-cu il tarixinədək İranda şahənşah olub. Şah 3 dəfə evlənib. Birinci arvadı Misir şahzadəsi Fövziyə Şirin, ikinci arvadı alman əsilli Sürəyya İsfəndiyari, üçüncü arvadı Azərbaycan əsilli Fərəh Diba olub



Əvvəlki iki nikah varisin olmaması səbəbindən dağılmışdı. Məhz vəliəhdin olmaması xalqı, həm də hökuməti narahat edirdi. 24 yaşlı Fərəh və 40 yaşlı Məhəmməd Rza Pəhləvinin toyu 1959-cu il dekabrın 21-də baş tutmuşdu. 1960-cı ildə Fərəh Diba oğlan övladı dünyaya gətirdi. Fərəh xanım Məhəmməd Rza Pəhləvinin ümumilikdə dörd övladı olub: Rza Kir Pəhləvi (1960), Firəngiz Pəhləvi (1963), Əli Rza Pəhləvi (1966-2011), Leyla Pəhləvi (1970-2001).

Qeyd edək ki, sonuncu İran şahı Məhəmməd Rza Pəhləvinin üç xanımı arasında şahbanu titulunu alan yalnız Fərəh Diba olub. 1967-ci ildə Fərəh Banuya tacqoyma mərasimi keçirilmiş, ona şahbanu titulu verilmişdi. O zaman bu hadisə böyük sensasiya doğurmuşdu, çünki həmin dövrdə Şərqdə qadınlara belə hüquqlar verilmirdi.
Şah və şahbanu İranı müasirləşdirməyə çalışırdılar.

Məhəmməd Rza və ailəsi İranı 1979-cu il yanvarın 4-də tərk etmək məcburiyyətində qaldılar. Çünki inqilab nəticəsində şah hakimiyyəti devrildi.

Xərçəngdən əziyyət çəkən şah 1980-ci il iyulun 27-də Qahirədə vəfat etdi və ər-Rifahi məscidində basdırıldı. Şahın ölümündən sonra Misir prezidenti şah ailəsinə yaşamaları üçün saray ayırdı. Amma prezidentin qətlə yetirilməsi səbəbilə Fərəh və ailəsi Misiri tərk edərək prezident Reyqanın dəvəti ilə ABŞ-a yollandı.

2001-ci ildə Fərəh Pəhləvinin qızı şahzadə Leyla vəfat etdi.

2011-ci ildə ailəyə növbəti bədbəxtlik üz verdi. Məhəmməd Rza Pəhləvinin kiçik oğlu Əlirza Pəhləvi ABŞ-da intihar etdi.

Bu gün şahbanu Fərəh Pəhləvi Parisdə və Vaşinqtonda yaşayır. Böyük oğlu da ailəsi ilə bərabər Vaşinqtondadır. İran mühacirlərinin bir hissəsi onu "şah" adlandırır. Atasının vəfatından sonra Rza Kir Pəhləvi varis kimi bu titulu götürüb.
Şahbanu oğlunun siyasi fəaliyyətini dəstəkləyir, amma özü kölgədə qalmağı sevir. Fərəh xanım əvvəlki kimi incəsənətlə də məşğul olur. Ona əvvəlki kimi şahbanu deyərək müraciət olunur. Fərəh Pəhləvi İranın birinci və yeganə imperatriçəsidir.

Diaspora