Dişi qartal balaları üçün atanı necə seçir? - MARAQLI

Dişi qartal balaları üçün atanı necə seçir? - MARAQLI backend

O, bu zaman çox maraqlı hərəkət edir.

Bir ağac və ya koldan budaq qoparır, onu dimdiyinə alaraq hündürə qalxır və bu budaqla fırlanır. Dişi ətrafında erkək qartallar uçmağa başlayır və bu zaman dişi budağı aşağı atır və baxır.

Hansısa erkək qartal budağın yerə düşməsinə imkan verməyərək onu havada tutur və budağı dişiyə gətirərək çox səliqəli şəkildə öz dimdiyindən dişinin dimdiyinə verir. Dişi qartal onu alaraq yenidən aşağı atır, erkək yenidən gətirir, dişi yenidən atır... Beləliklə, bu vəziyyət çox təkrarlanır. Əgər müəyyən edilmiş müddət ərzində erkək hər dəfə budağı tutarsa dişi onu seçir və onlar cütləşirlər.

Dişi bunu nə üçün edir, sonra anlayacaqsınız.

Bundan sonra onlar qayanın başına qalxır və orada sərt çubuqlardan yuva qururlar. Ata və ana dimdikləri ilə öz bədənlərindən tük və lələk qoparır, bunlarla yuvanı döşəyir, bütün deşikləri bağlayır, yuvanı yumşaq və isti edirlər. Bu isti və yumşaq yuvada dişi qartal yumurta qoyur, kürt yatıb bala çıxarır. Bala qartallar çıxanda (onlar çox balaca, çılpaq və zəif olurlar) valideynlər onlar möhkəmlənənə qədər balalarını öz isti bədənləri ilə qoruyurlar. Qanadları ilə onları yağışdan, isti günəşdən qoruyur, su, yem gətirir, beləliklə, balalar böyüyür. Onların lələkləri çıxır, qanadları və quyruqları bərkiyir.

Bundan sonra ata və ana görür ki, artıq vaxtdır...

Ata yuvanın kənarında oturur, onu titrədir, döyəcləyir, silkələyir. Niyə? Ona görə ki, yuvadakı bütün tüklər və lələklər tökülsün, yalnız əvvəldən onların qurduğu, budaqlardan ibarət sərt karkas qalsın. Balalar bu narahat, sərt yuvada oturur və nə baş verdiyini anlamırlar: axı ata və ana əvvəllər çox qayğıkeş və mehriban idilər. Ana bu müddətdə harasa uçub gedir, balıq tutur və yuvadan təxminən beş metr aralıda - balaların görə biləcəyi yerdə oturur. Sonra balaların gözü qabağında bu balığı yavaş-yavaş yeməyə başlayır. Balalar yuvada oturub qışqırır, cikkildəyir, heç nə başa düşmürlər. Axı əvvəl tamam başqa cür idi. Ata və ana onları yedirib-içirirdi, indi belə deyil: yuva sərt olub, tüklər, lələklər yoxdur, valideynlər balığı özləri yeyir, onlara vermir...

Bəs neyləməli? Yemək lazımdır, bununçün də yuvadan çıxmaq gərəkdir. Onda balalar hərəkət etməyə başlayırlar. Cücələr yuvadan düşməyə can atırlar. Yaraşıqsız qartal balası – heç nə bacarmır, heç nə bilmir. Yuva isə yırtıcılar çıxa bilməsin deyə qayanın başındadır. Qartal balası bu qayadan düşür, qarnı üstə gedir, sonra uçur və düşür...Bu zaman ata tələsik aşağı enir və qartal balasını yaralanmağa qoymadan kürəyində tutur. Sonra balanı belində yenidən o narahat yuvaya qaldırır. Yenə qaya başı və hər şey yenidən başlayır. Bu balalar yenidən yıxılır, ata tutur...

Beləcə hansısa bir müddətdə yıxılan qartal balası əvvəllər etmədiyi hərəkətlər etməyə başlayır: havada olarkən qanadlarını hərəkət etdirir və beləliklə, uçmağa başlayır. Qartallar öz balalarını belə öyrədirlər. Balalar uçmağı öyrənən kimi valideynlər onları özləri ilə apararaq balığın olduğu yerləri göstərirlər. Onlar daha dimdiklərində balalarına yem gətirmir.

İndi artıq ana qartalın balalarına ata seçmək üçün öz gələcək cütünü budağı ataraq sınağa çəkməsini anlamaq olar. Heç bir ana öz balasının yıxılıb xəsarət almasını istəməz...

Arzu Səlim
Diaspora