Britaniya monarxlarının sirri: Kraliçanın qayınanası niyə İsraildə dəfn edilib - FOTO

Britaniya monarxlarının sirri: Kraliçanın qayınanası niyə İsraildə dəfn edilib - FOTO backend

İsrail dövləti yarandığı gündən indiyə qədər Britaniyanın kral ailəsindən heç kim bu ölkəyə rəsmi səfərə getməyib.

İsrail Xarici İşlər Nazirliyi hər dəfə kral ailəsinin bu ölkəyə yalnız şəxsi səfərlə bağlı məlumat yayıb. Buna rəğmən kraliça II Yelizavetanın əri şahzadə Filipp iki dəfə bu ölkəyə, anasının qəbrini ziyarət etməyə gedib.


Kraliça Viktoriya, qızı Beatrisa, nəvəsi Viktoriya və Alisa

İlk baxışdan Britaniya kraliçasının qayınanasının Yerusəlimdə dəfn edilməsi qəribə görünə bilər. Lakin bu, həqiqətən belədir. Şahzadə Filippin anası şahzadə Viktoriya Alisa Yelizaveta Battenberq 1885-ci ildə İngiltərədə, Vindzor qalasında doğulub. Qız kar doğulmuşdu və bəlkə də buna görə idi ki, böyüyəndə əzab çəkir və özünü bədbəxt hesab edirdi.

Alisanın 18 yaşı olanda o, yunan şahzadəsi Endryuya ərə gedərək Yunanıstan və Danimarkanın şahzadəsi olur. Ailədə 4 qız və bir oğlan doğulur. Lakin tale elə gətirir ki, cütlük 20 ildən sonra boşanır. Bundan sonra Alisa depressiyaya düşür və hətta İsveçrədə müalicə alır. Ruhən sağalandan sonra isə xeyriyyəçiliklə məşğul olur.


Yunanıstan və Danimarka şahzadəsi Alisa Battenberq

İkinci Dünya Müharibəsi başlayanda şahzadə Alisa Afinada, qayını şahzadə Georqun sarayında yaşayırdı. Onun düşdüyü vəziyyət ikili idi: kürəkənləri faşistlərin yanında qulluq edir, oğlu isə Britaniya donanmasında xidmət edirdi. Onun özü də boş oturmamışdı; aktiv olaraq İsveçrə və İsveç Qırmızı Xaç cəmiyyətlərində işləyirdi. Həmin vaxt o, vaxtilə Yunanıstan parlamentinin üzvü olan Xaimaki Koenanın ailəsindən kömək üçün müraciət məktubu alır.

Koen özü müharibə başlananda ölmüş, arvadı Raxel beş uşaqla qalmışdı. Onlar da digər Yunanıstan yəhudiləri kimi təhlükədə idilər. Şahzadə Alisa onları yaxşı tanıyırdı və nəyin bahasına olursa-olsun bu ailəyə kömək etməyi qərara alır. Raxelin dörd oğlu Misirə getməyi, orada faşistlərlə mübarizə məqsədilə sürgündə olan yunan hökuməti ilə birləşməyi planlaşdırırlar.


Alisa və Andrey uşaqları ilə

Onların bacısı və anası üçün bu səyahət riskli idi. Buna görə də 1943-cü ilin payızında Alisa Raxeli və onun qızını öz evinin zirzəmisində gizlətməklə riskli addım atır. Oğullarından biri Misirə gedib çıxa bilmir və tezliklə onların yanına gəlir.

Evə gestapo gələndə şahzadə karlığından istifadə edir: özünü elə aparır ki, guya sualları başa düşmür, ondan nə istədiklərini anlamır. Nasistlər yoxlama aparmadan evi tərk edirlər. Beləliklə, Koenlər Yunanıstan azad edilənə qədər Alisanın yanında qalırlar. Demək yerinə düşər ki, Koenlərin bəxti gətirir.


Filipp və bacıları

Qeyd edək ki, Yunanıstanın ən böyük icmasının yerləşdiyi ərazidən Osvensimə 45 mindən çox yəhudi göndərilib. Müharibənin sonunda Yunanıstanda yaşayan 75 min yəhudidən 65 mini öldürülmüşdü.

Müharibədən sonra şahzadə Alisa “Marfa və Mariya xristian bacılığı“ adlı qadın provaslav monastrı yaradır. 1949-cu ildən 1967-ci iə qədər o, Tinos adasında həyatdan təcrid olunmuş şəraitdə yaşayır.


Uels şahzadəsi Çarlz

Lakin Yunanıstanda dövlət çevrilişi baş verəndə o, Bukinqem sarayına qayıdaraq oğlu və ailəsi ilə birlikdə yaşayıb. Şahzadə Alisa 1969-cu ildə, 84 yaşında vəfat edib. Ölərkən Yeruşəlimdə, xalasının yanında dəfn edilməyi vəsiyyət edib.


Rahibə Alisa



Arzu Səlim
Diaspora