Azərbaycanı bölən məktublar

Azərbaycanı bölən məktublar backend

Tarixdə buna bənzər məktublar çoxdur, özü də lap çox. Ancaq bizlər üçün bu məktubun yeri ayrıdır. Çünki bu yazışmaların sonucunda Azərbaycan ikiyə bölündü, paralandı... Beləliklə, “Arxiv ovçusu” Vasif Quliyevin tərcüməsindən götürdüyümüz İran taxtının vəliəhdi Abbas Mirzənin polkovnik Lazarevə yazdığı və Lazarevin də ona cavab məktubunu təqdim edir. Məktubların dili və yazı üslübu qorunmuşdur.

”İran Taxtının vəliəhdi, alihəzrət Abbas Mirzənin polkovnik Lazarevə məktubu

Yüksək dərəcəli, çox alicənab, tədbirli və xristian əyanları arasında seçilən polkovnik Lazarevə. Məlumunuz olsun ki, Xoyun və Urmiyanın boşaldılması üçün paytaxt şəhəri Tehrandan pul alınmışdır və biz cənab infanteriya generalı ilə (Paskeviçlə) bağladığımız müqaviləyə görə, nəzərdə tuturuq ki, yuxarıda adları çəkilən əyalətlər Allahın mərhəməti ilə tərk ediləcək. Əlbəttə, ermənilərə gəlincə isə verilmiş qərar haqqında siz cənablara məlumdur ki, yerlərində qalmaq istəyənlər zorla köçürülməyəcəklər, burdan getmək istəyənlərə mane olmayacağıq. Ona görə də bu, əyalətlərin boşaldılması haqqında indi sərəncam verilmişdir və mən sədaqətli və inanılmış bir adamı işə nəzarət etmək və onu yerinə yetirmək üçün ora göndərməyi lazım hesab edirəm. Daha doğrusu, orda olmaq və qərarların həyata keçirilməsi üçün yüksək dərəcəli və yaxın bir məmuru, Məhəmməd Tahir xanı seçmişəm. Ona görə də siz cənablar əmr edin ki, heç kim erməniləri köçməyə məcbur etməsin və qorxuzub yoldan çıxartmasın. Çünki kim getmək istəyirsə, gedə bilər. Getmək fikri olmayanların isə qalmaq hüququ var.

Şəvval ayı 1243-cü il. (1828-ci il)”.

Alihəzrət, İran taxt-tacının vəliəhdi, Abbas Mirzənin məktubuna polkovnik Lazarevin cavabı

Alihəzrət!

Mən Urmiya xanlığı və xristianların köçürülməsi üçün pulun ödənilməsi barədə Alihəzrətin xəbərdarlıq məktubunu Məhəmməd Tahir xandan almaq xoşbəxtliyinə nəsib oldum. Türkmənçay müqaviləsinin 15-ci maddəsinə görə, (15-ci maddə: Şah həzrətləri öz dövlətinə sakitliyi qaytarmaq və öz təbəələrindən hazırki müqavilə ilə bu qədər xoşbəxtliklə başa çatmış müharibədə törədilmiş bədbəxtlikləri daha da artıra bilən hər şeyi kənar etmək kimi xeyirli, xilasedici niyyətlə hərəkət edərək, Azərbaycan adlanan vilayətin bütün əhalisinə və məmurlarına büsbütün və tam bağışlanma əta edir. Hansı dərəcəyə məxsus olmasından asılı olmayaraq, onlardan heç kəs öz hərəkətinə və ya müharibə ərzində və ya Rus ordusunun adı çəkilən vilayəti müvəqqəti tutduğu zaman davranışına görə təqibə, dini əqidəsinə görə təhqirə məruz qalmamalıdır. Bundan başqa o məmur və sakinlərə bu gündən başlayaraq öz ailəsi ilə birlikdə İran vilayətindən Rusiyaya sərbəst keçmək, hökumət və yerli rəisliyin heç bir maneçiliyi olmadan onların satlıq malına və ya əmlakına və əşyalarına hər hansı gömrük və vergi qoyulmadan tərpənən mülkiyyətini aparmaq və satmaq üçün bir il vaxt verilir. Tərpənməz mülkə gəldikdə isə, onun satılması və ya onun haqqında öz xoşuna sərəncam üçün beş illik müddət müəyyən edilir. Lakin bu bağışlanma qeyd olunan bir illik müddət başa çatanadək məhkəmə cəzası düşən günah və ya cinayət işləmiş adamlara şamil edilmir – R.S.) Alihəzrət qraf Paskeviç İrəvanskinin mənə həvalə etdiyi işdə hərəkətlərimin ədalətli olmasını Sizin qarşınızda bəyan etməyə tələsirəm.

Mən Rusiya hüdudlarına könüllü surətdə köçməyi arzu edənlərin xahişlərini qəbul olunmasını etibarlı qərargah zabitlərinə tapşırdım və bütün mübahisələri və anlaşılmazlıqları aradan götürmək istəyərək mənim zabitlərimin hərəkətlərinə nəzarət etmək üçün İran məmurlarından Bəylər bəy Urmiyalıdan tələb etdim ki, o, mənim təkidimlə hərəkət etsin. Mən ingilis idarəsinin xidmətçisi, cənab kapitan Villokdan həmin hərəkətlərin şahidi olmağı xahiş elədim, ancaq o, cavab verib dedi ki, köçürülməyə, demək olar ki, ümumi istəyi görəndən sonra özünün orda olmağını artıq hesab edir.

Lakin siz Alihəzrətin yanındakı bizim komissarımızın xəbərdar olduğu Rusiya hökuməti barəsində yayılmış təhqiredici şayiələr məni vadar etdi ki, bu yalanı ifşa edərək köçürülmə haqqında iki böyük dövlətin razılığa gəlməsini və kasıb-kusuba həmişə kömək əlini uzadan mənim qüdrətli padşahımın mərhəmətli idarə etməsini hamıya və bir adama bildirim. Deməli, öz arzularını həyata keçirməyə vəsaiti olmayanlara maddi yardım etmək üçün mənə həvalə edilmiş dövlət mülkiyyəti insanpərvərlik tədbiridir, lakin qətiyyən qanuna zidd deyil. Axırda hələ baş verə biləcək ədalətsiz tənələrdən yaxa qurtarmaq üçün mən Alihəzrətin, cənab Seminonun və katiblər Mirzə Məsudun, Mirzə Mustafanın iştirakı ilə Dilman istehkamında xalq qarşısında təkrar edib dedim ki, köçmək arzusunda olanlara icazə verilir. Lakin hər cür məcburiyyətə gəldikdə isə sülh müqaviləsinin şərtlərinə zidd olanlar ciddi surətdə cəzalandırılacaq. Salmasda və Urmiyada mənim çox gözəl bir ölkə, zəngin torpaq gördüyümü Alihəzrətin etibarından pis niyyətlə istifadə edən sahibkarların ədalətsizliyinə təəccüblənməməyə bilmirəm. İndi onlar həmişə alicənab və xeyirxah Alihəzrətin hisslərinə o dərəcədə zidd olan öz insafsız hərəkətlərinə görə cəzadan qorxaraq köçürülmədə qətiyyən əhəmiyyətsiz olan məcburiyyət uydururlar. Aşağıdakını buna nümunə göstərmək olar: Məhəmməd Tahir xan Urmiya şəhərinə gəlib, mənə şikayət etdi ki, guya, Camallı, Kariz, Gülünağ, Svatlı və Lulusoba kəndlərindən köçən dəstələri görüb. Bu köçkünlərin bəziləri göz yaşı axıda-axıda ona zorla köçürülmələrindən şikayət ediblər. Dərhal onları saxlamağı əmr elədim və əmrlərimə o dərəcədə zidd olan hərəkətləri şəxsən yoxlamaq istəyib, şikayət edənlərin qayıtması üçün mənimlə birlikdə məmurların göndərilməsini xahiş etdim. Yuxarıda adları çəkilən kəndlərin sahibi Əsgər xan mənimlə məmurlar və öz oğlanlarından birini göndərdi və mənim yanımda Xoy qalasına tərəf heç yarım ağac getməmiş onun oğlu hər bir kəndin sakinlərini bir-bir sorğu-suala tutur, eyni cavab alırdı ki, onlar heç bir məcburiyyət olmadan, öz xoşları ilə gedirlər. Və əgər çörək əvəzinə ot yeməli olsalar da, heç biri qayıtmayacaq. Məhəmməd Tahir xan böyük şeylər vəd edərək onları yola gətirmək istəyirdi. Lakin Qızılca, Axtyaxan, Baxışkənd, Ağsimayıl və Barispe kəndlərinin sakinləri Mirzə Məsudun katibinə eyni cavab verirdilər. Cənab Semino isə Savra, Xosrov, Avtavan və Paçuk kəndlərində olduğunu mənə bildirdi və dedi ki, bu kəndlərin sakinləri köçmək üçün qəti qərara gəliblər.

Alihəzrət, köçürülmənin əsas məcburedici səbəbini müəyyən etməyə zəhmət çəkin və Sizə xas olan ədalətlə Məhəmməd Tahir xanın və ona bənzər uydurmaçıların ədalətsiz ifadələri kimi Sizin insanpərvər qəlbinizə zidd olan hərəkətləri nəzərə almayın. Lakin, Alihəzrətə məlumdur ki, Təbriz şəhərində və komendat olduğum Dey-Karqan qəsəbəsində sakinlərin rəğbətini qazanmışam və mənim üçün tərifli mükafat – Alihəzrətin təşəkkürünü almışam. İndi müttəfiq padşahların hökmünü dəqiqliklə və təmiz vicdanla yerinə yetirərək İran taxt-tacının şöhrətli və mədəni vəliəhdinin ədalətinə ümid bəsləməyə və bununla Əlahəzrət şahın xüsusi diqqətini cəlb etməyə haqqım var.

Axırda Əlahəzrətin ömrünü uzun etmək üçün Allaha dua edirəm və Sizin şəxsiyyətinizə ən dərin hörmət hissi bəsləyirəm .

21 aprel, 1828-ci il, Urmiya şəhəri”

Təqdim etdi: Rəşad Sahil

Mənbə: Atv.az
Diaspora