İnsanlar üzərində öləndən sonra həyatın bərpa edilməsi imkanını ilk dəfə dünya səviyyəsində eksperimentdə həyatın bərpa edilməsinin banisi sayılan professor F. A. Andreyevin tələbəsi, akademik V. A. Neqovski öyrənib.
Lakin bu məqamda bir məsələni qeyd edək: Neqovski bu üsulu orta əsr Şərq alimlərinin tibbi-nəzəri müddəalarından əxz edib. İbn Sinadan tutmuş, Fəxrəddin Raziyə qədər Şərqin tibb nəhəngləri özlərinin fəyərli əsərlərində nəzəri olaraq bu barədə qeydlər ediblər. Lakin onları ilk dəfə sınaqdan keçirən isə adı çəkilən alim olub.Moderator.az xəbər verir ki, V. A. Neqovskinin bu barədə nailiyyətləri oradan başlayır ki, alim ilk dəfə ölümü necə bir proses kimi öyrənib və onda müəyyən mərhələlərin olmasını göstərib. Bu mərhələlər belədir.
Birincisi canvermədən əvvəlki, dövr - Bu dövrdə ürək və tənəffüs fəaliyyəti kəskin zəifləyir, huş dumanlı olur.
İkincisi canvermə dövrü adlanır. Bu dövrdə əzələlərin oksigen çatışmazlığından qıc olması yaranır, arabir bu adamlarda tənəffüs və ürək fəaliyyəti qısa müddətli kəskin sürətlənməyə başlayır. Bu həyat uğrunda orqanizmin apardığı son mübarizənin nişanələridir. Belə ki, insan var gücünü yığaraq bu kimi hərəkətləri etməyə başlayır: Canvermə dövründə olan insanın başı arxaya dartılır, ağzı açılır. Ona görə ki, belə vəziyyətdə boyun əzələlərinin gərginliyi müəyyən qədər tənəffüsün qısa müddətli də olsa bərpasına kömək edir. Nəhayət bir neçə dəfə bu kimi kortəbii xarakter daşıyan hərəkətlərdən sonra ürək və tənəffüs fəaliyyəti tam dayanır, arterial təzyiq sıfıra enir, zahirən ölüm baş verir. Belə şəxsin ağzının üzərinə aynanı yaxınlaşdırdıqda heç tərləməməsi, ölümün tam mənada baş verməsinə dəlalət edir. Lakin elə bu dövrdə də orqanizm həyat qabiliyyəti müəyyən müddət saxlanmış olur. Vaxtında lazımi tədbirlər gördükdə həyatı bərpa etmək mümkün ola bilər. Elə ona görə də bu dövrə klinik ölüm dövrü deyilir. Lakin təəssüf ki, bu dövrün müddəti aylar, günlər, saatlar ilə deyil, bir neçə dəqiqə ilə ölçülür.
Araşdırmaçı alim Imran Axundov tibbi fəlsəfə ilə əlaqəsindən bəhs edən kitabında bu barədə maraqlı məqamı qeyd edir:
“Klinik ölüm dövrünün belə qısa müddətli olmasının səbəbi onunla izah edilir ki, bir çox orqanlarda həyat nişanələri uzun müddət davam etdiyi halda beyində bu müddət yalnız beş-altı dəqiqədir. Ona görə ki, başqa orqanlardan fərqli olaraq beyin toxumasının oksigen və başqa qida maddələrinin çatışmazlığına müqaviməti olduqca azdır. Qan dövranı və tənəffüs fəaliyyəti dayandıqdan bir neçə dəqiqə sonra orada geri qayıda bilməyən dəyişikliklər baş verib, klinik ölüm bioloji ölümə keçir. Bu zaman həyatın bərpası mümkün ola bilməz. Ölümün necə bir proses kimi akademik V. A. Neqovski tərə- findən öyrənilməsi tanatologiya elminin (tatanos-yunanca ölüm deməkdir) ortaya çıxmasına səbəb olub”.