İki dəfə ildırım vurdu, amma sağ qaldı

İki dəfə ildırım vurdu, amma sağ qaldı backend

Çinli ardıcıl iki dəfə ildırım vurmasından sonra sağ qalıb. Hadisə Çində küçədəki müşahidə kameraları vasitəsilə qeydə alınıb.

Trend xarici mətbuata istinadən xəbər verir ki, hələlik həmin şəxsin kimliyini müəyyən etmək mümkün olmayıb. Bəxti gətirən cavan insanı axtarıb tapmağa çalışıblar. Bu məqsədlə ildırım vurma hadisəsinin qeydə alındığı lenti Çinin Mərkəzi Televiziyası vasitəsilə bir neçə dəfə yayımlayıblar. Amma milyard yarımlıq ölkədə bir adamı axtarıb tapmaq heç də asan məsələ deyil. Həm də ehtimal edilir ki, gənc özü məşhurlaşmaq istəmədiyindən üzə çıxmayıb.

Alimlər hesab edir ki, əgər insan ardıcıl iki dəfə ildırım vurmasından sonra sağ qalırsa, deməli, o, olduqca şanslıdır. Belə ki, statistikaya görə ildırımın insanı birbaşa vurması zamanı ölüm ehtimalı 43 faiz təşkil edir. Axı atmosferin cərəyan şiddəti qeyri-adi gücə malikdir. Bu şiddət 10 min amperdən də çox ola bilər. Müqayisə üçün deyək ki, məişətdə istifadə etdiyimiz elektrik cərəyanının şiddəti cəmi 16-25 amper təşkil edir. Hərçənd, ildırım vurması zamanı cərəyanın təsiri 1 saniyədən də az davam edir. Məişət zədələnmələri isə adətən cərəyanın uzunmüddətli təsiri səbəbindən yaranır.

İldırım vurması həm də ona görə təhlükəli hesab olunur ki, o, ilk növbədə, insanın ürəyini iflic edə bilir. Çünki insan ürəyinin özünün elektrik sistemi var və o, ürək ritmini tənzimləyir. Güclü cərəyan şiddəti isə ürəyi dayandıra və ya onun ritmini poza bilər.

Qeyd edək ki, ildırım vurması üzrə "dünya çempionu" amerikalı meşəbəyi Roy Sallivan hesab edilir. Onu 1942-ci ildən 1977-ci ilədək dövrdə düz 7 dəfə ildırım vurub. R.Sallivan bir neçə dəfə yanıqlarla xəstəxanaya yerləşdirilib, saçı və qaşları yanıb. Bir dəfə ildırım əlini iflis edib. O, 71 yaşında ildırım vurmasından və ya digər təbiət hadisəsindən deyil, cavabsız məhəbbət səbəbindən özünü gülləməsi nəticəsində ölüb.

Kubalı Xorxe Markesi isə 5 dəfə ildırım vurub. İlk dəfə ildırım onu sahədə traktor sürərkən yaxalayıb. O zaman beli və əllərindən güclü yanıqlar alıb, saçları yanıb, dişindəki plomblar tökülüb. Özünün dediyinə görə, son iki zərbəni isə artıq orqanizmi öyrəşdiyindən ağrısız keçirib. Kubalı indi də yaşayır və onun hələ R.Sallivanın rekordunu təzələmək şansı var. Hərçənd, X.Markes özü buna heç də can atmır və çalışır ki, şimşək çaxan vaxt küçəyə çıxmasın.
Diaspora