Bu insanın çox qəribə taleyi olub.
Milliyyətcə alman olan Rixard Birinci Dünya Müharibəsində Almaniya tərəfdən döyüşüb, lakin sonra sovet kəşfiyyatına xidmət edib və faşizm üzərində qələbə üçün az əmək sərf etməyib. Çox dözümlü adam olan Zorge, həyatını riskə ataraq uzun illər Yaponiyada yaşayıb. Bahalı maşınlar və qadınlara olan ehtirası onun zəifliyi idi. Elə bu ehtirasın da qurbanına çevrilir. Yaponiyada yerli rəqqasələrdən biri ilə olan qısamüddətli əlaqə əfsanəvi kəşfiyyatçının qanlı sonu olur. Qızın verdiyi danosdan sonra Rixard həbs olunaraq edam edilir.Sovetlər İttifaqında Rixard Zorge haqqında az bilirdilər: bir dəfə Stalinin gözündən düşən hərbi kəşfiyyatçı artıq özünü “təmizə çıxara bilmir”. Rəhbərlik qarşısında onun günahı bağışlanmaz idi: milliyyətcə rus olan arvadına gizli fəaliyyətini etiraf etmişdi. Həmin vaxt qadın Rixarddan hamilə idi, lakin tezliklə həbs edildi və zəhər verilərək öldürüldü.
Ümumiyyətlə isə Zorgenin həyatında çox qadın olub. Rəsmi olaraq üç dəfə nikaha girib: alman qadınla, rusla və yapon qadınla. Bəzi məlumatlara görə gündoğan ölkədə kəşfiyyatçı - “ürək ovçusu”nun 30-dan çox məşuqəsi olub.
Onlardan biri – rəqqasə Kiomi Rixardın sonunu gətirərək onu polisin əlinə verir. Kiomi ilə olan əlaqə praktiki olaraq detektiv tarixçə idi: qadın polisə cəlb edilmişdi, onun sevdiyi şəxs həbs olunmuşdu və məşhur kəşfiyyatçı haqqında olan istənilən kompromat onun azadlığı demək idi. Gecələrin birində Kiomi Zorgenin öz informatoru olan ofisiantdan məktub aldığını müşahidə edir və bundan sonra onunla gecəni keçirməyə razılaşır. Kiomi və Rixard maşınla evə gedərkən kəşfiyyatçı yolda məktubu yandırmaq istəsə də “xain” alışqan işləmir. Onda Zorge kağızı cırır, avtomobilin pəncərəsindən bayıra atır və həmin ərazidən uzaqlaşır. Kiomi maşını telefon köşkünün yanında saxlamağı xahiş edir. Yarım saatdan sonra əlində həbs haqqında order olan polis Rixard Zorgenin evinə basqın edir. Casusluqda ittiham olunan Zorge edam edilir.
Sovet İttifaqında Rixard Zorgeyə münasibət birmənalı deyildi. Əvvəllər onu heç xatırlamırdılar. 1938-ci ildə o, SSRİ-yə qayıtmaq haqqında sərəncam alır. Buna baxmayaraq Zorge işləmək üçün Yaponiyada qalmaq qərarını verir. Maraqlıdır ki, sovet rəhbərliyi onun işini maliyyələşdirməkdən imtina edir və Zorge bütün informatorlarını demək olar ki, “öz cibindən” saxlayırdı. Kəşfiyyatçı inadla Moskvaya məlumat göndərməyə davam edirdi. Məhz Zorge faşist qoşunlarının SSRİ-yə hücum edəcəyi haqda xəbərdarlıq etmişdi. Məhz o, Yaponiyanın Sovetlər İttifaqına hücumu planlaşdırmadığını təsdiqləmişdi. Birinci məlumata şübhə ilə yanaşılsa da ikinci məlumat ciddiyə alınır və SSRİ-nin Uzaq Şərqdəki qoşunlarının bir hissəsi paytaxtın müdafiəsi üçün gətirilir. Bu, İkinci Dünya Müharibəsində Moskvanın almanlara təslim edilməməsində mühüm rol oynayır.
Rusiyada Zorge şəxsiyyətinə maraq dalğası 1960-cı illərdə əfsanəvi kəşfiyyatçı haqqında fransız filminin ekranlara çıxmasından sonra başlayır.
Nikita Xruşov filmdə qəhrəmanı görür və ölümündən sonra onu mükafatlandırmaq istəyir, lakin özü vəzifəsindən kənarlaşdırılır. Lakin təşəbbüs dəstəklənir və "Sovet İttifaqı Qəhrəmanı" adı öz sahibini tapır.
Arzu Səlim
QAZİLER.AZ