Kubanın lideri Fidel Kastronun gizli həyatı haqqında kitab nəşr olunacaq. ANS PRESS-in məlumatına görə, kitabın adı "Fidel Kastronun ikili həyatı: Mənim El Lider Maximo-nun şəxsi cangüdəni kimi 17 ilim"dir. Kitabda yazılanlara görə, gizli ada Kayo-Pedra adlı "tropik cənnət" olub. Kastro burada vaxtını öz məşuqələri ilə keçirirdi. Bu qadınlar içərisində onun sevdiyi Daliya Soto del Valye adlı bir qadın da olub. Həmçinin bildirilir ki, Kuba lideri öz sevgi münasibətlərini və dəbdəbəli həyat tərzini, "Aquarama II" yaxtasının olduğunu xalqından gizlədib.
Kitabın müəllifi 17 il Kastronun şəxsi cangüdəni işləmiş Xuan Reynaldo Sançesdir. Onun sözlərinə görə, gizli adanı Fidel Kastro ilə yanaşı kubalı nazirlər, həmçinin CNN-in yaradıcısı Ted Törner və Alman Demokratik Respublikasının lideri Erix Honekker də ziyarət edib.Sançes Fidel Kastronun şəxsi cangüdəni vəzifəsindən istefa etmək istəyəndə həbs edilib və 2 ilini həbsxanada keçirib. Azadlığa çıxan kimi o, ölkədən qaçıb.