Koreya Xalq Demokratik Respublikasında (KXDR) ilk "Okryu” internet mağazası istifadəyə verilib. Ölkə sakinləri portalda ilk dəfə olaraq onlayn alış-veriş edə biləcəklər.
Resurs əsasən mobil telefon istifadəçiləri üçün nəzərdə tutulub. Mağazada mal çeşidi (çanta, qadın geyimi, ayaqqabı, dərmanlar, kosmetika, mebel və ərzaq malları) yerli istehsalçılar tərəfindən formalaşır.Onlayn sifariş üçün ödənişi yalnız milli valyutada ölkənin debet kartlar sisteminin plastik kartları ilə həyata keçirmək mümkündür.
İnternet-mağaza internetin avtonom versiyasında işləyir və yalnız daxili bazar üçün nəzərdə tutulub. Şimali Koreyanın “daxili interneti” artıq uzun illərdir fəaliyyət göstərir. Lakin əhalinin əksər hissəsində fərdi kompüterlərin olmamasına görə internet istifadəçilərinin sayı az olub. Smartfonların yayılması ilə vəziyyət tədricən dəyişməyə başlayıb.
Ölkə hökuməti koreyalılara mobil telefonlardan istifadəyə icazəni 2008-ci ildə verib. O vaxtdan istifadəçilərin sayı 2 milyona çatıb və ya ölkə üzrə hər on nəfərə bir smartfon düşür.
Rəhbərlik smartfon və daxili elektron ticarətin ictimai asayişə təhlükə yarada biləcəyini düşünmür. “Okryu” mağaza, restoran və istehlakçı malları istehsalçılarına nəzarəti həyata keçirən Baş Dövlət Xidməti Bürosu tərəfindən idarə olunur, - “Payspacemagazine” yazır.