Dünya təcrübəsində belə bir ənənə var ki, verilmiş proqnozun nəticəsi haqqında proqnoz verəndən hesabat istənilir. Lakin ötən il verdiyi proqnozu özünü doğrultmayan ekstrasenslərin bununla bağlı hər hansısa hesab verdiyinin şahidi olmamşıq.
Axar.az xəbər verir ki, ötən il verdiyi proqnozlardan demək olar ki, əksəriyyəti səhv çıxan məşhur ekstrasens Nadim Alixanov da heç bir hesabat verməyib. Məsələ ilə əlaqədar ekstrasensin özü ilə əlaqə yaratmağa çalışsaq da, o, telefonda cavab verə bilməyəcəyini bildirib.N.Alixanov 2017-ci il üçün verdiyi proqnozda bildirmişdi ki, Dağlıq Qarabağda aprel ayına kimi yenə də müharibə olacaq. Əlavə etmişdi ki, Qarabağ müharibəsinə çox az vaxt qalıb.
Sitat: “Müharibə ötən dəfəkindən (2016-cı il Aprel savaşı nəzərdə tutulur – red.) daha qızğın, kəskin şəkil alacaq. 2017-2018-ci illər Azərbaycanda sıxıntılı illər olacaq. Dolların məzənnəsi qalxaraq ilin ortalarına qədər (2017-ci il – red.) 2.50 manat dəyərində olacaq. İnsanlar ayağa qalxacaq, böhran olacaq. Çox sayda mitinqlərin olacağı gözlənilir. Hakimiyyət çalxalanacaq. Hökumətdə bir çox dəyişikliklər gözlənilir. Bir çox dövlət məmuru işdən çıxarılacaq, həbs olunacaq. Baxmayaraq ki, Əli İnsanovun işini uzadırlar, amma o, azadlığa çıxacaq. İlqar Məmmədov da buraxılacaq”.
Ekstrasensin verdiyi proqnozda dediyi kimi, Qarabağda qızğın döyüşlər baş vermədi, dolların məzənnəsi 2.50 manat dəyərində olmadı, ölkədə mitinqlər baş vermədi, hökumətdə hər hansı çalxalanma da müşahidə edilmədi, Əli İnsanov və İlqar Məmmədov həbsdə qaldı.
Maraqlısı isə odur ki, ekstrasens verdiyi psoqnozla başlı heç bir hesabat vermədiyi halda, növbəti il üçün yeni proqnoz verib.
Ekstrasens iddia edir ki, 2018-ci ildə dünyanı terror, fəlakət, müharibələr bürüyəcək, ölkəmizdə məmur həbsləri olacaq:
“Dünyada baş verən hadisələrin çoxu təbii fəlakətlər deyil, süni yaradılan təkanlardı. 2018-ci ildə də bunlar davam edəcək. Ölümlər çox olacaq.
Müharibələr getdikcə daha da qızışacaq. Hindistan, Amerika, İndoneziya, Yaponiya və Meksikada ölüm hadisələri, okean daşqınları olacaq. Ərəbistanda terror hadisəsi olacaq. Düşünə bilərsiniz ki, sakit və təhlükəsiz yerdi. Ancaq, buna baxmayaraq, terror olacağını görürəm. 2018-ci ildə hansısa ölkənin prezidenti öz əcəli ilə ölməyəcək, ona qarşı sui-qəsd ediləcək”.
N.Alixanovun növbəti öngörüsü isə Rusiya ilə bağlıdır. Onun proqnozuna görə, Rusiyada keçiriləcək çempionatda terakt baş verəcək:
“Turnirdən sonra daha da qızışacaq. Ukrayna yenidən qarışacaq, dövlətdə böyük dəyişikliklər gözlənilir. Türkiyədə yenidən terror hadisələri gözlənilir. Azərbaycanda da gərginlik olacaq, bəzi məmurların iç üzü açılacaq. 2018-ci il bəzi məmurlar üçün heç də yaxşı olmayacaq. Dəyişiklik olacaq, il olaraq çətin, gərgin il olacaq.
Ermənistanda da terrorlar olacaq və ölkə qarışacaq. Gürcüstanda dəyişiklik olacaq, İranda sabitlik olmayacaq. Daha sonra 2018-ci ildə yenidən bir xəstəlik üzə çıxacaq Yer üzündə, milyondan çox insan öləcək.
Bir də təyyarə qəzası baş verəcək”.
Böyük ehtimalla, bir ildən sonra bu öngörülər haqda da analoji fikirləri yazacağıq.