O, üzərinə düşən vəzifəni həvəslə icra edib.
Hətta bunun üçün xüsusi olaraq özünə dəri papaq, dəri önlük, dəri əlcəklər də hazırlatdırıb. “Lubyanka”dan güllələnmək hökmünə məhkum olunanların qarşısında dayanmaqdan zövq alıb. 15 min nəfərə yaxın insanı şəxsən güllələyib. Stalin hakimiyyəti dövründə güllələnməni icra edənlərin adları və həm də simaları gizli saxlanılıb. Məhz bu görünməyən “cəbhə”nin “qəhrəmanları” məxfilik statusu daşıyıb. Yalnız 90-cı illərin sonlarında onlar haqqında faktlar və məlumatlar cəmiyyətə təqdim olunub.Bu cəllad sürüsünün başında isə uzun illər general Vasili Bloxin dayanıb.
Modern.az saytı “NKVD”-nin “baş cəlladı” Bloxin haqqında yazını təqdim edir.
Kasıb kəndli ailəsində anadan olan Vasili Bloxin yeniyetməlik yaşından “ÇK”-da (Fövqəladə Komissiya) xidmət etmək arzusunda olub. O əvvəlcə ordu sıralarında qulluq edib və az sonra “ÇK”-nın xüsusi təyinatlı dəstəsinə keçirilib. Bu orqanda Bloxin vəzifə pillələrini sürətlə qalxıb. O artıq 1946-cı ildə “NKVD”-nin inzibati təsərrüfat idarəsinin komendantı vəzifəsinə təyin edilib.
Xidməti ilə yanaşı, Vasili Bloxin mühəndis-arxitektor institutunu bitirib. Daha sonra yüksək ixtisaslı təsərrüfat işçiləri kurslarının dinləyicisi olub. Ancaq general xidməti vəzifələrində heç vaxt nə mühəndisliklə, nə də təsərrüfatla məşğul olmayıb.
Bloxin hələ 1924-cü ildə SSRİ Xalq Komissarları Sovetinin nəzdindəki Siyasi idarədə Güllələnmələrin İcra olunması Komandasına rəhbərlik edib. Məhz həmin dövrdə güllələnmələr onun imzası ilə icra olunub.
Arxiv sənədlərinə görə Bloxin xidmət illərində 15 minə yaxın güllələnmə icra edib. Generalın qismətinə öz nazirlərini güllələmək də düşüb. Belə ki, “NKVD”-yə rəhbərlik etmiş Yaqoda və Yejovun güllələnməsini şəxsən Bloxin icra edib.
Araşdırmalara görə elə gün olub ki, Vasili Bloxin sutka ərzində 200 nəfərin həyatına son qoyub. İşinin öhdəsindən “layiqincə” gələn generala dövlət tərəfindən xüsusi nömrəli “Mauzer” hədiyyə edilib. Ancaq Bloxin “Valter” tapançası ilə işləməyə üstünlük verib.
“Müştəriləri” əsasən keçmiş həmkarları olan general amansız olmağı ilə də yadda qalıb. Onunla birgə güllələnmə icrasını edənlərin demək olar ki, əksəriyyəti vaxtından əvvəl ürək və psixoloji xəstəliklər ilə bağlı təqaüdə çıxdıqları halda Bloxin icra işlərini daha da artırıb.
1939-cu ildə Beriya Bloxini keçmiş “NKVD” rəhbərləri ilə yaxınlığını əsas gətirərək onu da ölüm hökmünə məhkum etmək üçün Stalinin qarşısında məsələ qaldırıb. Ancaq Stalin buna qəti etraz edib. Görünür Vasili Bloxinin “məhsuldarlığından” Stalin çox razı imiş.
Stalinin ölümündən sonra Bloxin yaranmış gərgin siyasi vəziyyətdən çox çətinliklə də olsa təqaüdə çıxa bilib. Sudan quru çıxan generalın vəziyyəti əvvəlcə normal olub. Həmin dövr üçün çox yüksək sayılan 3150 rubl təqaüd alıb, general forması daşımağa icazə verilib. Ancaq 1954-cü ildə “NKVD” silkələnməsi zamanı zərbə ona da dəyib. Bloxin general rütbəsindən, təqaüddən və digər güzəştlərdən məhrum edilib.
Həmçinin, generalın bütün orden və medalları da rəsmi olaraq əlindən alınıb. Uzun illər “NKVD”-nin ən “nümunəvi” işçisi nəhayət, əsl adına layiq görülüb – “NKVD-nin baş cəlladı”.
Vasili Bloxin 1955-ci ildə infarktdan ölüb. Ancaq belə bir versiya da var ki, o, “cəlladlığına” görə ona hədiyyə verilmiş “Mauzer” silahı ilə özünü güllələyib. Bəlkə də bu minlərlə insanı güllələyən generalın ən haqlı icrası olub.
Bloxin Don qəbirstanlığında dəfn olunub. Bu da taleyin bir kinayəsidir ki, onun məzarının çox yaxınlığında “NKVD” qurbanlarının xatirə kompleksi və məzarları yerləşir...