Hindistan – uşaqlıqdan filmlərini sevə-sevə seyr etdiyimiz, musiqilərini dinlədiyimiz, qədim tarixi və mədəniyyət beşiyi olan, öz adət-ənənələrinə bu gün də sadiq qalan nağıllar ölkəsi. Hindistan həm də bir çox bayramları, rəngarəng festifalları ilə tanınır. Demək olar ki, hər ayın özünəməxsus bayramı var. Ölkəyə milyonlarla turist daha çox bu bayramlar, festivallar ərəfəsində gəlir. Martın 13-də isə Hindistanda ən məşhur bayramlardan biri olan Holi bayramı keçirilir və bütün ölkə boyu qeyd edilir. Bayramın məqsədi baharı qarşılamaqdır. Bayram günü insanlar bir-birinin üzərinə əl-əlvan tozlar səpirlər. Bu baharın rəngarəngliyinin əlaməti sayılır. Mən də bu rəngarəng bayramı görmək üçün Hindistana üz tutdum. (yazının əvvəli ilə bu linkdən tanış ola bilərsiniz...) http://qaziler.az/news.php?id=52281#.WZvSSNKLTIU
Qoa- rusların sevimli məkanıQoa (Goa) – ərazisinə görə, Hindistanın cənub-qərbində yerləşən, 1 milyon yarım əhalisi olan kiçik ştatdır. XVI əsrdən Portuqaliyanın müstəmləkəsi olan Qoa, 1961-ci ildə Hindistana birləşdirilib. Paytaxt Panaci Qoanı iki hissəyə bölür – Şimali və Cənubi Qoa. Nədənsə, xarici turistlər, daha çox Şimali Qoaya getməyi üstün tutur. “Əlbət Şimali Qoa daha mənzərəli, sakit yerdir”, – deyib ora yollandıq.
Mumbaydan turizmin cənnəti sayılan Qoaya getmək üçün müxtəlif marşurutlardan istifadə etmək olar. Avtobusla yola çıxmaq istəyənlər biletə 40 ABŞ dollar ödəməklə 13-14 saat məsafə qət etməli olacaq. Hər dörd saatdan bir yolda dayanan bu ikimərtəbəli avtobusların ikinci mərtəbəsində yatmaq üçün yataqlar var. Qatarla getmək üçün biletə 35 dollar ödəmək lazım gələcək. 12-13 saat ərzində qatarla təxminən 70-ə yaxın tuneldən və ayrıca, Qanq çayının üzərindən keçərək gözəl təbiət mənzərələrini seyr etmək olar.
Uzun yolçuluğu xoşlamayanlar 1 saat 15 dəqiqə ərzində 100 dollara təyyarə ilə Qoaya uça bilərlər. Əvvəlcədən bilet sifariş edilərsə, bileti 50% ucuz almaq mümkündür. Qoa hava limanında yoxlamadan keçərkən avtomatlı polis pasportumuzda “Azərbaycan” görüncə, “Oooo, sizin neftiniz, qazınız var, çox zəngin ölkəsiniz”, – deyib təbəssümlə yola saldı. Onu da vurğulayım ki, bu polis zabitindən və Mumbay gömrüyünün əməkdaşından başqa heç kim Azərbaycanı tanımadı. Rusiyanı yaxşı tanıdıqları üçün bu ölkəylə qonşu olduğumuzu izah edə bildik.
Al-əlvan Holi Bayramı
Dənizin kənarında yerləşən Capora kəndi rus, ingilis, qazaxıstanlı turistlərlə dolub-boşalır. Hindistana gələn rusları daha çox Qoada görmək olar. Burada onların bəzisinin otelləri, taksi şirkətləri, şəxsi biznesləri var. Hətta daimi yaşayanlar da az deyil. Ruslar burada taksi biznesini yaradanda yerli sürücülər işsiz qala biləcəklərini əsas gətirərək Hindistan hökumətinə etiraz məktubu ünvanlayıblar. Qoalılar deyir ki, rus mafiyası burdada da güclüdür, baxmayaraq ki, yerli mafiya da öz işini görür. Məsələn, hər ikisi də narkotik ticarəti ilə məşğuldur. Höklumət üzvləri bundan xəbərdar olsa da, ciddi tədbir görmür.
Qoa turizm mərkəzi olduğundan səhər saatlarında başlayan bayramlar, festivallar bir çox məkanlarda axşam saatlarına, bəzən də gecəyarıya kimi çəkir. Holi bayramı da axşam saat 18.00-dan sonra Caporada yerləşən müxtəlif məkanlarda giriş ödənişli olmaqla – otellərdə, restoranlarda, çimərliklərdə diskoteka, partilər səhər saatlarına kimi davam edir.
Vaqator çimərliyi yaxınlığında yerləşən Hill Top əyləncə məkanı daha çox əcnəbilərin əyləndiyi məkan sayılır. Bölgədə məşhur olan Hill Topda yeni il gecəsi Avropadan çoxlu sayda turist gəlib əylənir. Holi bayramı Hill Topda insanlar yenidən uzlərinə, başlarına al-əlvan rənglər çəkir. Bu bayramda din, dil, irq fərq etmir, hamı eyni ruhda, eyni sevincdə olur.
Xatırladım ki, 5000 ildən artıqdır ki, öz mədəniyyətinə sahib olan Hindistan qədim adət və ənənələrini bu gün də qorunub saxlayır. Hindistan mədəniyyəti dəyişikliyə məruz qalmayan ölkələrdəndir. Buna görə də, Hindistana rənglər, mədəniyyətlər, adətlər ölkəsi deyirlər. İnsanları dini, dili, geyim tərzini dəyişəcək qədər fərqlidir. Hind təqvimi festivallarla doludur. Bu ölkənin saysız-hesabsız milli, dini, sosial festivalları var.
Bu festivallardan digəri oktyabr ayının 4 günü keçirilən Durqa Puja (Durqa ilahəsinə sitayiş bayramı- L.S.) bayramıdır. Həmin bayramda müxtəlif allahlara sitayiş edənlər ona ibadət edir. Bayramın sonuncu günü yalnız evli qadınlar iştirak edir və bir-birinin üzünə qırmızı sindur çəkir. Noyabr ayında Hindistanda ən böyük bayramlardan sayılan “Od bayramı” deyilən Divali festivalı olur. Bu festivallarda da minlərlə turist ölkəyə axışır.
Kriminal Qoa
Hindistan həm də qadınlar üçün təhlükəli sayılan ölkələrdəndir. Hindistan hökuməti həm yerli qadınlara, həm də turistlərə ehtiyatlı olmağı, xüsusən, gecə saatlarında küçələrdə tək gəzməməyi tövsiyyə edir. Elə Çaporada olduğum ilk günü irlandiyalı Daniellanın yerli sakinlərdən biri tərəfindən vəhşicəsinə öldürülməsi xəbəri gəlmələri daha da ehtiyatlı olmağa sövq etdi. Holi bayramında iştirak etmək üçün Qoaya gələn 28 yaşlı Daniella Makloklin bayram şənliyində tanış olduğu Vikas Bhaqatla bir müdət sonra əyləncə məkanından ayrılıb. Səhər saatlarında bir fermer onun cansız bədənini ağacların kənarında tapıb. Kənd camaatı deyirdi ki, başından və çənəsindən küt alətlə vurulan Daniellanın cansız bədəni al-qan içində, tanınmaz halda olub. Heç kim cəsədə baxa bilmirmiş. Polis tərəfindən həbs edilən Vikas Bhaqat Daniellaya təcavüz etdiyini və bundan sonra onu öldürüb bir ağacıın altına atdığını etiraf edib…
Buna oxşar hadisə 15 yaşı Böyük Britaniya vətəndaşı Skarlet Keelinqin başına gəlib. 2008 ci ilin noyabrında ailəsi ilə birlikdə uzun müddətli istirahət üçün Qoaya gələn Skarletin 2009-cu ilin 17 fevralında Ancuna çimərliyində, dəniz kənarında 52 bıçaq zərbəsi ilə cəsədi tapılıb. Sonradan məlum olub ki , ona narkotik maddə verib, təcavüz edib öldürüblər. Ölümündə günahkar bilinən olan 42 yaşı narkotik ticarətçisi sonradan azadlığa buraxılır…Bu cür hallar burada tez-tez baş verir.
Bu ölkədə ölməyi heç bir əcnəbiyə arzulamıram. Hindistanın digər ştatlarını deyə bilmərəm, amma Qoada öldürülən əcnəbinin qanı batır… Hindistanda qadınlara təcavüz edib, öldürüb qaçmaq adi hala çevrilib. Yerli camaat deyir ki, bəzi kəndlərin həyətində ayaq yolu olmadığı üçün qadınlar təbii ehtiyacını ödəməsi üçün evdən kənara çıxmalı olur. Bu qızları gec saatlarda tək başına görən kişilər qaçırıb təcavüz edə bilir…Bütün bu təhlükələrə baxmayaraq, əcnəbilər səhər saatlarına kimi kafe, barlarda yeyib- içib əylənirlər.
Hindistanın “Bobbi”si burada çəkilib
… Çaporalılar bu il turistlərin azlığından şikayətlənirdi. Deyirlər əvvəlki illərin bu aylarında turistlər daha çox gəlirdi. Ruslar ora çox gəldiyindən yerli əhali arasında çətinliklə də olsa rus dilində danışanlar, hətta, bu dili öyrənmək istəyində olanlar da az deyildi.
Vaqator çimərliyində dəniz suyu təmiz, şəffaf olur. Sahilboyu sahil mühafizəçisi gəzişərək dalğa hündür olduğu zaman insanları içəriyə doğru getməsinə icazə vermir. Qoanın bütün çimərlikləri pulsuzdur. Hindistanda heç bir məmur çimərliyi özəlləşdirib, ətrafına divar hörə və insanları çimərliklərdən məhrum edə bilməz.
Çimərliklərin ətrafındakı kafe, restoranlarda hind, bəzən də ingilis dilində mahnılar səsləndirilir. Yerli qadınlar iranlılar kimi üst geyimində dənizə girir, şəkil çəkdirir, gəzişir. Cavanlar ağ dərili, sarışın qadın turistləri görən kimi onlarla şəkil çəkdirməyə can atır.
Dənizkənarı kənd və qəsəbələrdə ümumiyyətlə, hind dilində heç bir yazıya, plakata rast gəlmədim. Bura turistlər üçün nəzərdə tutulduğundan bütün yazılar ingilis dinində idi. Hətta restoranlarda menyu iki dildə – ingilis, rus dillərində təqdim edilirdi.
…Ümumiyyətlə, Asiya ölkələrində yerli əhali ilə birlikdə turistlər də gündəlik moteskletdən istifadə etməyi üstün tutur. Günlük kirayə qiyməti 400 rupi, yəni 6 dollardı. Qoanın şəhər, qəsəbə, küçə yolları dar olduğundan, hamı moteskletdən istifadə edir. Həmçinin, yolların hər iki tərəfində ərzaq, meyvə, geyim dükanları, yemək butkaları, kafelər olduğu üçün avtomobillərin gediş-gəlişinə çətinlik yaranır. Evlərin ətrafı divarsız, qapısızdır.
Qoada müxtəlif qiymətə otellər, qonaq və kirayə evlər var. Bəzi insanlar evlərinin ön hissəsini kafe, bar, arxa hissəsini hər bir şəraiti olan otaqları xarici turistlərə kirayə verir. Gündəlik qonaq evlərinin qiyməti 23 dollardan başlayır. Rusiyalı və avropalı turistlər daha çox qonaq evlərində qalmağı üstün tutur. Sakit, təbiəti gözəl, havası təmiz, normal qidalanmaq üçün sadə yemək məkanları seçir. Deyirlər, istirahət üçün bahalı otel, prestij restoran axtarmağa ehtiyac yoxdur. Başqa ölkədə gəzmək, tanımaq, görmək, dənizində çimmək, mətbəxini dadmaq kifayət edər.
Vaqator çimərliyin yaxınlığındakı 5 ulduzıu W- Goa otelinin özünün müştəriləri var. Məsələn, milyarder Mukaş Ambani və məşhur aktyor Amitabh Baççan Qoaya gələndə ancaq bu oteldə qalır. Qoada olduğumuz zaman öyrənə bildik ki məşhur “Bobbi” filmi burada çəkilib.
Made in İndia
Hindistan çayı ilə məşhurdur. Çaylar burada elə də ucuz deyil. Ən yaxşı qara çayın 1 kilosunun qiyməti 1000 rupidən – 17 dolardan başlayır. Yaşıl çay bahalı sayılır və buna görə də 1 kilo yaşıl çayın qiyməti 2000 rupidən – 38 dollardan yuxarıdır. Çay plantasiyaları ölkənin Şimalında əkib-becərilir. Hindistanlılar çayı süd qarışığı ilə içir. Onlar buna əsil Hindistan çayı deyir. Maraqlı, ekzotik meyvələri baha deyil. Kiçik həcmli 12 ədəd banan 30 sentdir. Qozdan bir az iri limonları məşhurdur. Məhz bu səbəbdən Hindistan limonunun ən çox alıcısı ərəb ölkələridir. Hər gün Hindistandan Dubaya 100 konteyner limon yola salınır. 1 konteyner 20 ton limon tutur, 1 ton 1000 kilo limon edir. ..Burada su çox ucuzdur. 1 litr su 20 rupidir, yəni 0.3 sentdir.
… Hindistanda fabrik və zavodlarda istehsal olunan malların üzərində standart qiyməti vurulur. Dükan sahibləri bu malların üstünə əlavə qiymət qoya bilməz. Bazarlarda kiçik bizneslə, alverlə məşğul olan insanlar üzərində qiyməti olmayan malları çox da baha olmamaq şərtilə sata bilər. Qiymətdə razılaşmaq alıcı və satıcının öhdəsinə düşür.
Öz dilində yazmağı unudan ziyalılar
Hindistanda insanlar hindu dilində danışsa da, çoxu yazmağı və ya oxumağı bacarmır. Bəzi iş adamları var ki, onlar ofisdə bütün yazışmaların ingilis dilində aparıldığından ana dilində yazmaq onlar üçün çətinləşib. Ana dilində yazıb-oxumağı bacarmayanlar arasında rus dilində səlis danışa bilənlər də az deyil. Mapusa rayonunda bazarda alverlə məşğul olan Zaurina rus dilində təmiz danışır. Deyir bunu ona rəfiqləri Nataşa, Kristina, Rita öyrədib. Hansı ki, bu rus xanımları ölkəyə tez-tez səfər edir. Mumbaydan uzaq Qoaya gəlin gələn Zaurina gənc olmasına baxmayaraq, 3 uşaq anasıdır. Əri işləmədiyi üçün özü çalışıb pul qazanır. Bəzən də ona anası maddi kömək edir. Ərinin işi pivə içib yatmaqdır. Boşana bilməz, çünki onlarda qadına boşanmaq olmaz, həm də uşaqlarını əlindən alınmaq təhlikəsi var. Amma kişi bir neçə də evlənə bilər.
Yeri gəlmişkən, Hindistanda ərləri rəhmətə gedən qadınlar ömürlərinin sonuna kimi vegeterian olur. Soğan, sarımsaq, ət, toyuq, balıq yemirlər. Sadəcə tərəvəzlə qidalanırlar. Həmişə də ağ paltar geyinirlər. Ərləri dünyasını dəyişdiyindən toylara, şənliklərə dəvət edilmirlər, bu da qədim adət -ənənələrə bağlıdır və hər kəsin bu adətə hörmət etməsi vacibdir.
Son..
Hindistanda olarkən əgər uzun xortumlu fillərlə qarşılaşsaydım, filmdəki kimi deyə bilərdim “Fillər mənim dostumdur”. Hətta meşəliklərlə, dağlarla əhatə olunmuş Qoada belə fil yox idi. Küçələrdə ancaq itləri, inəkləri görmək olardı. Çünki filmlərində rast gəldiyimiz fillər ölkənin Şimalında olurmuş…
…Hindistanda yol boyu kokos, manqo, banan ağacları uzanır. Bu ekzotik meyvə ağaclarına küçələrdə, həyətlərdə görməmək mümkün deyil. Bura həqiqətən də, təzadlarla dolu bir ölkədir. Məsafəcə uzaq, amma yaxın olan Hindistan dedikdə, Mahatma Qandi, İndra Qandi, Cavahirləl Nehru yada düşür. Əlbəttə ki, Rac Kapur, Rişi Kapur, Amitabh Baççan, Hema Malini, Dharmendra, Mithun Çakraborti və onların oynadıqları filmləri unutmaq mümükün deyil. Bura qədim tarixi olan nağıllar diyarıdır. Qədim xalq, qədim adət-ənənə, mədəniyyətin beşiyidir. Sirr deyil ki, dahi Nizami Gəncəvi “İsgəndərnamə” əsərində “Şərəfnamə” hissəsini Hindistan fəlsəfəsinə aid edib.
Qəribə, maraqlı, bəzən də insanda çaşqınlıq yaradan, “Əbədi məhəbbət nağılı”, “Qeyri real səadət”, “Toz içində çiçək”, “Avara”, “Bobbi”, “Cəngəlliklər kralı”, “Əlibaba və 40 quldur”, “Qisas və qanun”, “Abdulla”, “Zita və Gita” kimi filimlərlə tanıdığmız Hindistanı çox sevdim…
Laçın SƏMLA
Strateq.az
Bakı-Mumbay-Qoa-Bakı