Hindistan – uşaqlıqdan filmlərini sevə-sevə seyr etdiyimiz, musiqilərini dinlədiyimiz, qədim tarixi və mədəniyyət beşiyi olan, öz adət ənənələrinə bu gün də sadiq qalan nağıllar ölkəsi. Hindistan həm də bir çox bayramları, rəngarəng festifalları ilə tanınır. Demək olar ki, hər ayın özünəməxsus bayramı var.
Ölkəyə milyonlarla turist daha çox bu bayramlar, festifallar ərəfəsində gəlir. Martın 13-də isə Hindistanda ən məşhur bayramlardan biri olan Holi bayramı keçirilir və bütün ölkə boyu qeyd edilir. Bayramın məqsədi baharı qarşılamaqdır. Bayram günü insanlar bir-birinin üzərinə əl-əlvan tozlar səpirlər. Bu baharın rəngarəngliyinin əlaməti sayılır. Mən də bu rəngarəng bayramı görmək üçün Hindistana üz tutdum.Bura Hindistandır…
Azərbaycandan Hindistana birbaşa hava nəqliyyatı olmadığından Flydubai Hava Yolları ilə uçmalı oldum. Dubay şəhərindən havaya qalxan təyyarə 3 saat 30 dəqiqə sonra XVII əsrin milli qəhrəmanı, məşhur sərkərdə Çatrapati Şivaji (Chhatrapati Shivaji) adına Mumbay Beynəlxalq Hava Limanında endi. Hava limanı geniş və böyüklüyü ilə diqqət çəkir, Dehlidən sonra ölkənin ikinci ən böyük aeroportu sayılır. Asiyada isə 14-cü sırada qərarlaşmaqla, daha çox istifadə olunan hava limanıdır. Mumbay və Goa hava limanlarının, metrolarının girişini avtomatlı mühafizəçilər qoruyur, sərnişinlər ciddi yoxlamadan keçir. Mumbay metrosunun girişində patrullar öyrədilmiş itlərlə keşik çəkir.
Azərbaycanla Hindistan arasında saat fərqimiz 1 saat 30 dəqiqədir. Mart ayının ilk on günlüyü olmasına baxmayaraq, burada havanın hərarəti 30-31 dərəcə müşahidə olunur. Mumbayda bizi hind dilində “Namaste” – (əlləri bir-birinə sıx birləşdirib gülümsəyərək salamlaşmaq- L.S.) ilə salamlamadılar. İngiliscə “Welcome” ilə qarşıladılar. Bu ölkədə olduğum son günə kimi heç kimdən “Namaste” eşidə bilmədim. Bəlkə də bu, ölkəyə turist axınının çoxluğu ilə və onları elə ingilis dilində salamlamaqla bağlı idi…
Təzadlarla dolu Mumbay
Mumbay – Hindistanda Maharashtra əyalətinin paytaxtıdır. 22 il əvvələ, 1995-ci ilə qədər Bombay adlanırdı. Şəhər Ərəb dənizinin sahilində yerləşir. Bura iqtisadiyyatın, biznesin mərkəzi sayılır. Mumbay varlılarla kasıbların birgə yaşadığı bir şəhərdir. Şəhərə ayaq basan an antisanitariya özünü göstərir – üfunətli zibilliklər, zibillikdə özünə yem axtaran yüzlərlə qara qarğa. İlk günüm Qərbi Mumbayda keçdi. Bura filmlərdə gördüyümüz kasıb, orta və varlı təbəqənin yaşadığı yerdir. Cuhu çimərliyi (Juhu beach) deyilən məşhur ərazi də burada yerləşir. Küçələrdə it-pişiklərin sayı olduqca çoxdur. Buranın küçə itləri quduz olmur, yəni insanlara dəyib-dolaşmaz. Dükanların qarşısında yatan bu heyvanları kimsə ətrafdan qovmur, əksinə hərə bir qabda onlara yemək verir.
Avtomobillərin sükanının sol deyil, sağ tərəfdə olması elə hind filmlərindən bizə yaxşı tanışdır. Məhz sükan sağ tərəfdə olduğundan istiqamət sağdan deyil, soldan başlayır. Yolda sürücülər və ya piyadalar yol hərəkət qaydalarını pozsalar belə, yol polisi göz dəymir, onları kənarda ağacların altında kölgələndiyini görmək olar. Deyirlər hüquq mühafizə orqanlarında və digər dövlət idarələrində işlə təmin olunan gənc xanımlar ümumiyyətlə, heç bir işlə məşğul olmur. Günləri telefonda yazışmaqla, internetə baxmaqla keçir… Hindistanda yaşlı və gənc insanlara müxtəlif adla müraciət olunur. Küçədə, restoranda, istənilən yerdə nəsə soruşmaq istədikdə, yaşlılara “çaça”, cavan oğlanlara “vaysab” deyə müraciət edilir. Və onlar da üzlərində təbəssümlə əl-qol oynadaraq, başlarını yelləyərək cavab verir.
Hindistanın retro filmlərdə gördüyümüz o məşhur taksilər, hindlilərin dilində avtorikşalar, Qərbi Mumbayda bu gün də məşhurdur. Hindlilər buna kaçıb malı deyir. Qiyməti sərfəlidir – 4-5 km yola 44 rupi, yəni 8.0 çent (cent) ödəmək kifayətdir. Taksometrli bu 3 təkərli qapısız avtorikşalar kiçik olduğundan yolda hara gəldi özünü dürtə bilir və mənzil başına tez çatır. Sürücülər iş başında açıq qəhvəyi rəngli iş geyimində olmalıdır, bu bir tələbdir. Hətta iş geyimləri çirkli olsa belə.
Mumbayda da xüsusi məhəllələr var ki, oradan gündüz və gecə saatlarında tək başına keçmək təhlükəlidir. Bu ərazilər narkomanlar, oğrular, evsiz-eşiksiz insanlarla doludur.
Mumbayın müxtəlif səmtlərində ucuq, bəzən də karton, dəmirdən düzəldilmiş evlər görmək mümkündür. Burada işləmək üçün digər şəhərlərdən Mumbaya gələn insanlar qalır. Dövlət məmurları hər dəfə bu evləri uçursa da, insanlar yenidən tikib orada yaşamağa davam edir.
Deyirlər Hindistana gələndə ilk öncə yediyin qidaya fikir vermək lazımdır ki, sonra əziyyətini çəkməyəsən. Hindistana gələn turistlər ilk günlər qarın arğısından əziyyət çəkirlər. İngilislər buna “Delhi-belli” deyir. Yəni, “Dehli qarın ağrısı”. İsti ölkənin acılı, müxtəlif ədəvalı və mənşəyi məlum olmayan yağlardan hazırlanan yeməklər bir müddət sonra problem yaradır. Amma bunun şəhərdəki anrisanitariya, üfunət iyi ilə bağlı olduğunu deyənlər də çoxdur. Buna görə də, Hindistana gedənlərə özləri ilə kiçik “apteçka” götürməyi unutmamağı tövsiyyə edirəm.
Hindistanda bir məqam da diqqətimi çəkdi. Bu ölkədə əvvəllər ölüləri yaşayış məskənlərindən uzağa – çay, meşə kənarında ocaq qalayıb yandırardılar. İndi isə müasir metoddan istifadə etməklə ölüləri xüsusi yerlərdə, xüsusi sobalarda yandırırlar. Bir saat içində cəsəd sobada yanaraq külə dönür.
Amitabh Baççan və Raca
Amitabh Baççanın uzun illər yaşadığı ilk villası
Qərbi Mumbay çirkli olsa da, onun müxtəlif səmtində müasir villalar, binalar yerləşir. Məşhur Cuhu (Juhu ) bu ərazidə olduğundan Bollivudun bir çox məşhurlarının evləri, villaları məhz bu ərazidədir. Buna görə də Cuhuya bahalı məhəllə deyirlər. Tanınmış, dünya şöhrətli Amitabh Baççanın da evləri Cuhu ətrafındadır. Mumbayda olduğumuz zaman məşhur aktyorun uzun illər yaşadığı ilk villasını görə bildik. Villanın mühafizəçisi A.Baççanın bir müddət əvvəl oğlu, aktyor Abhişek Baççanın ailəsi ilə birlikdə Cuhu çimərliyinə daha yaxın olan yeni villaya köçdüyünü, hazırda isə istirahət üçün başqa şəhərdə olduğunu dedi. Bu villada isə mühafizəçilər və aktyorun sevimli iti Raca qalır. A.Baççan sevimli Racasına baş çəkmək üçün ara-sıra onun yanına gəlir. Raca ev heyvanı olsa da, sahibindən başqasının ona toxunmasına icazə vermir. Mühafizəçi dedi ki, A.Baççandan başqa digərinin ona sığal çəkməsi peşmançılıqla nəticələnə bilər. Xatırladaq ki bir müddət əvvəl kino sahəsinə külli miqdarda vəsait yatıran Amitabh Baççan müflis olsa da, sonradan düşdüyü bu vəziyyətdən çıxa bilib.
Hare Krişna
Hindistanda insanlar tez-tez məbədlərə gedir. Hindlilər xüsusi gündə deyil, hər gün, günün istənilən saatında məbədə gedib baş çəkir, dualar edir. Getdiyim İSKCON Məbədinə (Beynəlxalq Krişna Şüuru Cəmiyyəti Məbədi) ziyarətçilər ciddi yoxlanıldıqdan sonra buraxılır. Baş ötrülü olmasa belə, ayaqqabılar mütləq çıxarılmalıdır. Nəinki, məbədin daxilinə, həyətinə, bağçasına belə ayaqqabı ilə girmək günah sayılır. Məbəddə baş kahin Krişnanın bəzədilmiş murtisi – heykəli önündə dua oxuyur, sonra xüsusi qabda yanan alovla ətrafdakı insanlara tərəf gəlir. İnsanlar əllərini alovun istisinə sürtərək, üzlərinə, başlarının arxasına çəkir. Bəziləri isə yerə uzanıb, sürünərək dua edir. Məbəddə gizlincə şəkil çəkmək sənin fərasətindən aslıdır. Çünki şəkil çəkməyə icazə verilmir. Mühafizəçi bunu görərsə, yaxınlaşıb sadəcə “olmaz” deyib şifahi xəbərdarlıq edir. Mavriki vətəndaşı, krişnaçı Nitaihari ilə söhbətdə bildirdi ki, onlar çay, kofe, spirtli içki içmir, siqaret çəkmir, kart, qumar oynamırlar. Vegeterian olan krişnaçılar təbii qidalarla qidalansalar da, soğan, sarımsaq yemir. Sevdiyi qadınla evlənir və ömürlərinin sonuna kimi öz qadınlarına sadiq qalırlar. Hər gün dualar edir, “Hare Krişna” mantrası oxuyurlar…
Yeri gəlmişkən, Hindistanda Caynizm (Jainism) deyilən 6-cı böyük din də var. Bu dinə mənsub olanlar vegetarian pəhrizi saxlayır. Kökü torpağın altında bitən tərəvəzləri – kartof, turp, yerkökü, çüğündür, soğan, sarımsaq və s. yemirlər. Ağartı məhsulları, düyü, çörək, mərci, tərəvəz və digər meyvələrlə qidalanırlar. Qıcqırmış mayadan hazırlandığı üçün spirtli içki də içmirlər.
27 mərtəbəli göydələn sahibi Ambani
Cənubi Mumbayı Qərbi Mumbaydan gözəlliyi, təmizliyi, göydələnlər ayırır. Burada ölkənin zəngin insanları yaşayır. Cənubi Mumbayın küçələrində üç təkərli avtorikşalara rast gəlməzsən. Səni burada bahalı avtomobillər və müasir taksilər qarşılayır. Sanki başqa bir ölkədəsən. Hindistanda kasıblar çox olsa da, bu ölkə zənginləri ilə də məşhurdur. Dünyanın ən zəngin insanlarından biri, Hindistan milyarderi, “ Reliance Industries Ltd”nin sahibi Mukeş Ambaninin “Antilia” adlanan 27 mərtəbəli göydələni də Cənubi Mumbaydadır . Qiyməti 2 milyard ABŞ dolları olan bu göydələn Ərəb dənizinin yaxınlığında yerləşir. Avtomobil kolleksiyasına sahib olan milyarderin evinin altında avtopark yerləşir ki, orada onun “Mercedes S”, “Mercedes SL500”, “Mercedes Benz S600”, “Bentley Flyng Spur” , “Mayback 62 class”, “BMW 7601”, “Rolls Roycee Phantom” və digər müxtəlif markalı avtomobilləri saxlanılır. Onu dünyada bahalı avtomobil sahibi olan ikinci milyarder adlandırırlar. Milyarderin göydələninin və avtoparkına daxil olub avtomobillərinin şəkillərini çəkmək çətin olmadı. Mühafizəçi buna rahatlıqla icazə verdi.
Marine Drive – bizim dildə desək, dəniz kənarı bulvar. Bulvar boyu palma ağacları, digər səmtdə isə bahalı otellər, iş mərkəzləri, yaşayış binaları, göydələnlər, ticarət mərkəzləri, kafe-restoranlar sıralanıb. Mumbayın bu ərazisində zənginlərlə bərabər hərbçilər, dəniz mühafizəçiləri də yaşayır.
Hindistan vaxtilə Böyük Britaniyanın müstəmləkəsi olduğu zaman tikilən arxitekturalı binalar hələ də yerindədir. Hazırda bu binaların bəzisi yaşayış, bəzisi də otel kimi istifadə olunur. Bu qədim binaların yanında tikilən müasir, bahalı göydələnlər şəhərə gözəllik verir. Şəhərin ən pristij ərazisi bura sayılır. Onlarla otel, restoran, təhsil ocaqları, muzeylər, teatr, sərgi mərkəzlərinin çoxu burada yerləşir. Çoxlu sayda xarici və yerli turisti məhz bu ərazidə görmək mümkündür. Sanki həyat burada qaynayır.
Terrora məruz qalan Tac Mahal və Oberoi
Məşhur Tac Mahal Palace və Oberoi otelləri, “Hindistanın qapısı” adlanan Gateway da Cənubi Mumbayda, Ərəb dənizinin kənarında yerləşir. 2008-ci ilin noyabrında pakistanlı terrorçular Mumbaya hücum təşkil edən zaman bu otellər də onların hücumuna məruz qalmış, yüzlərlə insan ölmüş, bir o qədər də yaralanan olmuşdu. Xatırladaq ki, terrorçular Mumbaya 10 müxtəlif mövqedən daxil olmuşdu. Yerli camaat deyir ki, bu məşhur otellərə hücum edən terrorçulalar dəniz yolundan istifadə etmişdi. Məhz bu səbəbdən hazırda otellərin dörd bir yanı silahlı polislərlə, Tac Mahal Palacenın arxası zirehli hərbi maşınla mühafizə olunur.
Gateway – Hindistanın qapısı XX əsrin əvvəlində tikilmiş abidədir. 1911-ci ildə Hindistana ziyarətə gələn Kral V Corc və kraliça Mariyanın enişi şərəfinə ucaldılıb. Hindistan Qapısının tikintisi 1911-ci ilin 31 mart tarixində başlanılıb, 1924-cü ildə başa çatdırılıb. XXI əsrin əvvəllərində bu abidə üç dəfə terrora məruz qalıb – 2003-ci ildə iki dəfə və üçüncüsü isə 2008-ci ildə. Sonuncusu, dörd silahlı şəxs tərəfindən Tac Mahal Palaca edilən hücum buradan başlayıb.
…17 milyona yaxın əhalisi olan Mumbayı 1 ay gəzməklə yetməz. Mumbay maraqlı, həm də təzadlı bir şəhərdir. Mumbayın səsli-küylü, tozlu-qumlu, tıxacından uzaq olmaq və Holi bayramını fərqli məkanda görmək üçün sakit məkana – uzaq Qoaya (Goa) yola düşdüm.
Nöbəti reportajımızada isə turizmin cənnəti sayılan Qoadan bəhs edəcəyik.
Laçın SƏMLA
Strateq.az
Bakı-Mumbay-Qoa-Bakı