Qaziler.az Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin saytına istinadən bildirir ki, 2018-ci maliyyə ilinədək "Windows 10” əməliyyat sisteminin quraşdırılacağı qurğuların sayı bir milyardı ötəcək. Bu barədə “Build 2015” proqram tərtibatçıları konfransının açılışında “Microsoft” korporasiyasının əməliyyat sistemləri üzrə vitse-prezidenti Terri Mayerson deyib.
“Biz sistem istifadəyə verildikdən iki-üç il sonra onun bir milyard qurğuda quraşdırılacağını gözləyirik. Dünyada əməliyyat sistemlərinin heç bir versiyası bu qədər istifadəçi bazasına malik deyil”, - vitse-prezident bildirib. O, həmçinin “Android” və ya “iOS” mobil əməliyyat sistemlərinin ayrıca buraxılışlarının indiyədək bu səviyyəyə çatmadığını vurğulayıb. ABŞ korporasiyası üçün 2018-ci maliyyə ili 2017-ci ilin iyulundan başlayır.Rəqibləri barədə danışan T.Mayerson xatırladıb ki, “Apple” ilə işləyən tərtibatçılar “iOS “ və “OS X”, "Google” ilə işləyəndə "Android” və “Chrome” arasında seçim etməli olurlar. “Microsoft” isə kompüter, mobil və daşınan qurğularla, “Xbox” və hətta "Hololens” əlavə reallıq eynəyi ilə uyğunluq təşkil edən universal əməliyyat sistemi ideyası ilə tərtibatçıların diqqətini iki mobil platformadan yayındırmaq istəyir.
“Biz “Windows”u tərtibatçılar üçün tarixdə ən cəlbedici platformaya çevirmək niyyətindəyik”, - “Microsoft”un baş direktoru Satya Nadella deyib.
Bu məqsədlə korporasiya əlavələrin satılması üçün yeni imkanlar təqdim edir. Hazırda “Windows Store” mağazasında mobil telefonun hesabından bank kartından istifadə etmədən proqramlar üçün ödənişləri həyata keçirmək olar. Bundan başqa, artıq “iOS” və “Android”də istifadə olunan modelin abunə üzrə yayılması nəzərdə tutulur. “Microsoft” həmçinin reklam platformasını yeniləyib.
Korporasiya korporativ istifadəçilər üçün əlavələr mağazasının "Windows Store for Business” versiyasını da təqdim edib, - “Lenta” yazır.