“Snapchat” sosial şəbəkəsinin qurucuları Evan Şpigel və Bobbi Merfi şirkətin bu ilin ilk rübünün maliyyə hesabatının açıqlanmasından sonra 2 milyard dollar (hərəyə 1 milyard) itiriblər.
İKT.lent.az-ın “Bloomberg”ə istinadən verdiyi məlumata görə, şirkət səhmlərinin dəyəri 25% aşağı düşərək 17,12 dollar təşkil edib.
Açıqlanan maliyyə göstəriciləri analitikləri məyus edib, çünki onlar daha yüksək nəticələr gözləyirdi. İlk rübdə “Snapchat”in xalis zərəri 2,21 milyard dollar olub. Örtən ilin yekunlarına əsasən bu göstərici 104,6 milyon dollar idi. Zərərin artımı ilk açıq səhm satışının yekunları ilə əlaqədar 2 milyard dollar bonusun ödənməsindən qaynaqlanır. Əslində gəlirlər kəskin şəkildə artaraq 149,6 milyon dollar təşkil edib. Ötən il bu göstərici 38,8 milyon idi. Lakin analitiklər 158 milyon artım gözləyirdi.
Səhmlərin dəyərinin düşməsinə təsir edən amillərdən biri də sosial şəbəkənin auditoriyasının genişlənməsi ilə bağlı proqnozların özünü doğrutlmamasıdır. İlk rübün yekunlarına əsasən “Snapchat” istifadəçilərinin sayı 8 milyon nəfər (5%) artaraq 166 milyon nəfərə çatıb. Bir çox analitik isə bu ilin yanvar-mart aylarında 18 milyon nəfərə qədər artım gözləyirdi. Məsələn, şirkətin əsas rəqibi “Instagram” bu müddətdə 100 milyon yeni istifadəçi cəlb edib.
Qeyd edək ki, “Snapchat” 2011-ci ildə ABŞ-ın Stenford Universitetinin tələbələri Evan Şpigel, Bobbi Merfi və Frank Braun tərəfindən qurulub. İstifadəçilər foto, video və mətn mübadiləsi yolu ilə ünsiyyət qurur və bunlar baxışdan dərhal sonra silinir.