“Qızlar, qadınlar və innovasiya”- Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) qlobal məkanı aprel ayında məhz bu mövzu ətrafında səylərin birləşdirilməsinə səsləyib. Hər kəsi aprelin 23-nə təsadüf edən “İKT Qızlar günü”nün milli səviyyədə təşkilinə çağıran BTİ ölkələr üzrə builki tədbirlərdə rekord sayda qız və gənc qadınların iştirakına ümid edir.
Qaziler.az Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin saytına istinadən bildirir ki, Beynəlxalq təşkilat hesab edir ki, qadınların yeni nəsli üçün İKT sahəsində parlaq gələcək imkanlar mövcuddur: “İKT sektorunu parlaq gələcək gözləyir. Bu sahə çox az öyrənilib, az tədqiq edilib. Yaradıcılığa açıq, innovasiyalar, yeni iş üsulları, qarşılıqlı təsirlər və təlimləri özündə cəmləşdirən bu sahə qadın və kişilərə eyni dərəcədə maraqlıdır”.BTİ tərəfindən aparılan tədqiqatın gedişatında müəyyən olub ki, qadınların yalnız 30 faizi orta texniki heyətdə, 15 faizi rəhbər vəzifələrdə, strategiya və planlaşdırma sahəsində çalışanlar isə 11 faizdir.
Tədqiqat göstərir ki, son onillikdə kişi və qadınlar arasında məşğulluqda ayrı-seçkiliyin aradan qaldırılması Avropada iqtisadi artımın əldə olunmasında əhəmiyyətli amil oldu.
BTİ qadınların İKT sektorunda iştirakının artırılması ilə bağlı tövsiyələrini də səsləndirib. Belə ki, informasiya-rabitə texnologiyaları, elm və texnika sahələrinə cavabdeh nazirliklər İKT sahəsində proqram və təşəbbüslərin reallaşdırılmasında gənc qadınlarla daha çox sıx əməkdaşlıq yaratmalıdırlar.
“İKT Qızlar günü”ndə milli səviyyədə təşkil edilən müxtəlif formatlı tədbirlərdə qadınlara İKT sektorunun gələcək perspektivləri daha aydın izah edilməli, onların bu sahədə çalışmasına maraq oyadan müxtəlif təşviq tədbirləri reallaşdırılmalıdır.
Ümumilikdə İKT sektorunda qadınların fəallığının artırılmasına dəstək bu qurumlar tərəfindən yürüdülən siyasətin əsasını təşkil etməlidir.