“Sirtaki” rəqsi türk mənşəlidir

“Sirtaki” rəqsi türk mənşəlidir backend

Yunanıstanın rəmzi sayılan “Sirtaki” rəqsinin türk mənşəli olması müəyyən edilib.

UNESCO yanında Beynəlxalq Rəqs Şurasının (CİD) prezidenti, professor Arkis Raftis Türkiyədə səfərdə olarkən bildirib ki, Yunanıstanda çox məşhur olan “Sirtaki” rəqsi türk mənşəlidir.

AZƏRTAC Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, A.Raftis aprelin 9-da Türkiyədə səfərdə olarkən Anadolu agentliyinə müsahibəsində deyib: “Sirtaki” yunan rəqsi deyil. Türkiyədə yunan xalq rəqsləri çox məşhur deyil, amma “Sirtaki” burada çox populyardır. Fikrimcə, bu rəqs, xoreoqrafik baxımdan türk mənşəlidir”.

A.Raftisin sözlərinə görə o, Yunanıstan vətəndaşı və rəqs sahəsində tədqiqatçı kimi Türkiyədə özünü öz evində olduğu kimi hiss edir. Çünki bu ölkənin zəngin milli rəqsləri var. A.Raftis qeyd edib ki, Beynəlxalq Rəqs Şurası Türkiyənin müxtəlif əyalətlərində fəaliyyət göstərən rəqs məktəblərindən çoxlu müraciətlər alıb. O daha sonra əlavə edib ki, Şura həmin məktəblərlə əməkdaşlığı inkişaf etdirəcək.

Qeyd etmək lazımdır ki, yunan rəqsləri barədə Türkiyədə məlumatın az olması haqda professorun dedikləri o qədər də dəqiq deyil. Məsələn, mütəxəssislərin fikrincə, türklərin “Horon” rəqsi yunan mənşəlidir.

Populyar “Sirtaki” rəqsi 1964-cü ildə “Yunan Zorba” filmi üçün yunan bəstəkarı Mikis Teodorakisin musiqisi əsasında yaranıb. Film ekrana çıxandan sonra “Sirtaki” dünyada ən populyar yunan rəqsinə və Yunanıstanın rəmzlərindən birinə çevrilib.
Diaspora