Dünyanı düşündürməyi bacaran insan

Dünyanı düşündürməyi bacaran insan backend

Nik Vujiçiç adını bəlkə də çoxları eşitməyib. Ancaq bu şəxsi görənlər dərhal tanıyır. Mən də tanımırdım. O vaxta qədər ki, xarici mətbuatda bir məqalə ilə rastlaşdım. Bu qəhrəman haqqında oxuduqlarım məni həqiqətən təəccübləndirdi. Məqaləni oxuduqca tüklərim biz-biz olurdu. Təəccüb təlatümü məni ağuşuna aldıqca Niki daha çox araşdırmağa başladım. Videolarını tapdım, kütlə qarşısında mənalı fəlsəfi və həyat dolu çıxışlarını izlədim. Açığı bir az da utandım, öz adıma məyus oldum. Yaşı gənc olan bu şəxsin həyatla mübarizəsi insanı iki gözü açıq buraxır. Ətrafımdakı sağlam insanların özlərinə dərd etdikləri mənasız və lüzumsuz problemləri düşündükcə üzülürdüm. Biz iki ayağımız və iki əlimiz olduqca həyatdan şikayət edirik, halbuki Nik Vujiçiçin nə əlləri var, nə ayaqları. Onun kitabları çap olunub. Motivasiya yönlü bir sıra mülahizələri ilə milyonlarla insanın rəyini və şüurunu qət edib. Onu tanıyan hər kəsə özünü şəxsiyyətini tanıdaraq nümunə aurası yaradıb. Nikini indi dünya tanıyır və dünya sevir. Çünki o hər şeyə rəğmən mübarizə aparır.

Həyatda dərd etdiyimiz və “Niyə bu həmişə mənim başıma gəlir” dediyiniz hadisələr sizə xoşbəxtlikdən uzaqlaşdıran zaman bu insanın hekayələrini oxuyun. Əslində həyatın nəhəng bir sınaq olduğunu unutmayın!

Son illər bir çox nəşrlər onların fikrincə uğur qazanmış insanların həyat prinsiplərini dərc edir və durmadan paylaşırlar. Bu prosesin mezanizmi aydındır – əgər həmin bu şəxs həyatda uğura nail olubsa onun buyurduğu prinsiplərə riayət etməklə biz də eyni uğura nail ola, zənginlik əldə edə bilə və xoşbəxt ola bilərik. Bəlkə bundan daha artıq, biz də öz şəxsi uğurumuza nail olduqdan sonra bizim də haqqımızda məqalələr dərc edərlər…
Təəssüflər olsun ki, bu metod heç də həmişə işə yaramır. Ona görə yox ki, bu qaydalar pisdir və yaxud biz piz şagirdik. Bu ona görədir ki, bu qaydalar yalnız bir insan üçün keçərlidir. Çünki bu qaydaları yaradan insan həmin qaydaları artıq real olaraq yaşayıb, onlara inanıb və belə desək sınaqdan keçirib. Buna görə də, həmin qaydaları kor-koranə şəkildə mənimsəmək və onlara riayət etməyin heç bir mənası yoxdur. Bu sizə sonda heç bir müsbət nəticəyə zəmanət vermir. Buna baxmayaraq, insanlar daim bu tip prinsipləri oxuyur və öz həyatında tətbiq etməyə çalışır. Bəlkə işə yaradı?
Məsələ ondadır ki, hər birimiz üçün xoşbəxtlik kriteriyaları kifayət qədər fərqlidir. Həyatda uğur qazanmış biznesmenlərin, yazıçıların uğur prinsiplərindən fərqli olaraq sözün əsl mənasında həyatda qalmaq üçün əsl mübarizə göstərmiş insanların həyat prinsipləri müəyyən mənada fərqlənir. Belə insanların həyat prinsipləri özlüyündə motivasiya yüklüdür və sadəcə onları ozumaqla belə insanlar rahatlıq əldə edə bilir. Belə insanlardan biri də, bir çoxlarımızın artıq çox yaxşı tanıdığı Nick Vujicic-dir.
Nick Vujicic-in prinsipləri həyatda xoşbəxtlik axtarışında olan insanlar üçün mükəmməl bələdçidir. Beləliklə, aşağıda həyatın çox ağır sınaqlarından keçmiş və hər şeyə rəğmən axtardığı xoşbəxtliyi tapmış bu şəxsin əsas həyat prinsiplərini təqdim edirik:
Həyatda əsas yolun axtarışı yaxın məsafəyə qaçış deyil, marafondur.
Ətrafındakı insanlara xidmət etmədən həyatın mənasını anlamaq mümkün deyil. Ödənilmiş cari hesablar hələ hər şey demək deyil.


İntihar etmək istədi, həyatı kəşf etdi


1983-cü ilin 4 dekabrı Avstraliyanın Brisben şəhərinin xəstəxanaların birində bir oğlan uşağı dünyaya gəlir. O doğulanda həkimlər təşvişə düşmüşdülər. Nik Tetra-amelia sindromundan əlləri və ayaqları olmadan dünyaya gəlir. Bu xəbəri valideyninə necə çatdıracaqlarını düşünürdülər. Doğuş stolunda olan ananın hələ ki, heç nədən xəbəri yox idi. Həkimlər atanı çağırıb hər şeyi dedilər və uşağı ona göstərdilər. Şoka düşən ata arvadına nə deyəcəyini düşünürdü. Onun yanına gəldi. Gözlərinə baxmağa cəsarət etmədən yalnız bir söz deməyə gücü çatdı: “Bizim oğlumuz çox gözəldir...”

Nik adını qoyduqları bu oğlanı gənc ana dörd ay qucağına ala bilmir, əmizdirməkdən imtina edir. Ancaq uşaq böyüdükcə həyata “dördəlli” sarılırdı. Hətta yeriməyə cəhd edirdi. Sadəcə bir balaca dayaq rolunu oynayan ayağı sayəsində. Sonralar o, bu ayağını əl kimi istifadə edir, hətta hovuzda belə üzə bilirdi. Nikin bu inkişafı ailəsinin onunla bağlı ümidsizliklərini tamamilə unutdururdu. Evdəki bir çox texnikalar, hamamda tuş, demək olar ki, hər şey Nikin onlardan rahat istifadə edəcəyi vəziyyətdə quraşdırılmışdı. O, yazmağı bacarır, kompüterdən istifadə edir, ağlı ilə hamını heyrətləndirirdi.

Ancaq məktəbdə hər şey o qədər də asan olmadı. Nik uşaqlarla dil tapmaq, onlara özünü qəbul etdirmək üçün çalışırdı. Təbii ki, bir gün ümidləri tükəndi. Və bu dünyada hamıya yük olduğu qərarına gəldi. Vannada çimərkən suyun altına girib, özünü boğmağa cəhd etdi. Amma son anda fikrindən daşındı. Axı atası, anası, bacısı, qardaşı onu çox sevirdilər. Onlara bu acını yaşatmağa dəyərmi?!

Məhz bundan sonra o, gələcəyi barədə düşünməyə başladı. Qısa zamanda tək iş görməyə başladı, bədənində olan təkcə iki ayaq barmağı ilə yazmağa başladı. Daha sonra kompüterdə işləməyi, tennis oynamağı, zərb ifa etməyi, hətta saçını daramağı və təraş olmağı öyrəndi.

17 yaşlı Nik artıq orta məktəbdə şagirdlərinə mülahizələr söyləməyə başladı. Qısa zamanda nüfuzu artan bu istedadlı gənc “Life Without Limbs”, yəni “Üzvsüz həyat” adlı klub yaratdı. 21 yaşında ikən Vujiçiç ilk kitabını yazdı və öz mühazirələrini bir yerə toplayaraq onları DVD halına gətirdi və satışa təqdim etdi. Kifayət qədər alıcısı olan bu DVD-lər Nikin şöhrət pilləsinə aparmağa başladı. Dünya mediasında bir sıra tanınmış internet saytları və xəbər portallarında həftələrlə gündəmdən düşməyən mövzuya çevrildi.
Nik Vujiçiçin kitablarına gəlincə isə, onun “Hüdudsuz həyat” adlı kitabı milyonların sevimlisinə çevrilib. Nik Vuyçiçin bu kitabı, çətinlikləri aşmaq, özünə inam və xoşbəxtlik haqqındadır. Nik fiziki problemləri və daxili təlatümləri haqda çəkinmədən danışır, fiziki durumu ilə barışmağın nə qədər çətin olduğunu, hətta intihar etmək istədiyi anlardan bəhs edir.
Nik problemlərinin maneələrdən deyil, qarşıya böyük məqsədlər qoyub, sonra onlara doğru can atmamaqdan doğduğunu anlamaq üçün xeyli şeylər yaşamalı olur.

O, sözün həqiqi mənasında əlsiz-ayaqsız şəkildə həyat pillələrini qalxmağı öyrənib. Nik bu kitabda ona yardımçı olmuş həyat qaydalarından bəhs edib, onları oxuculara təqdim edib.

Artıq bu şəxsi görmək və çıxışlarını canlı izləmək üçün okeanı adlayıb gələnlər də vardı. İnsanları fiziki məhdudiyyətinə deyil, həyata bağlılıq və düşüncə fəlsəfəsinə cəlb edən bir şəxsiyyət formalaşdı. Çox keçmədi ki, bir sıra filmlərdə çəkilməyə başladı. Həyatının növbəti 10 ili ərzində 25 ölkədə keçirilən konfranslarda iştirak edərək 3 milyondan çox insanın qarşısında həyatından danışdı. Bəşəri şüurları düşündürməyi bacardı. Hər zaman çıxışlarında ruhdan düşməməyin həyatda əsas prioritetlərdən biri olduğunu deyən Vuriçiç ümid və pozitiv düşüncələrin həyatda tutmaq üçün çox vacib olduğunu vurğulayır.
“Hər şeyə rəğmən” yaşayan və yaşadan bu şəxs həyatının növbəti mərhələsində gələcək həyat yoldaşı Kanae Miyahara ilə tanış olur. Ondan sağlam bir övladları dünyaya gəlir.
Və həyata keçmədiyi və ruhdan düşmədiyi üçün bu an “MƏN XOŞBƏXTƏM və HƏYATI YAŞAMAĞI SEVİRƏM” deyə bilir!

Rüfət Soltan
Adalet.az



Diaspora