Referendum və dövlətlər

Referendum və dövlətlər backend

Xalqın hüquqları və mənafeləri ilə bağlı hər hansı bir sorğu aparılır və bu və ya digər normativ-hüquqi aktın layihəsi barədə əhalinin qərarı qüvvəyə minir ki, bu ümumdünya dilində referendum adlandırılır. Latıncadan tərcüməsi “məlumatverilmə” anlamını daşıyır.

Tarixdə ilk referendum 1449-cu ildə İsveçrənin paytaxtı Bern şəhərində keçirilmişdir. Onu da qeyd edim ki, bu ölkə referendumun keçirilməsində rekord qırır. 19-cu və 20-ci əsrlərdə təqribən 400 dəfədən çox federal səviyyədə referendum keçirilmişdir. Azərbaycanda isə ilk referendum 1921-ci ildə Naxçıvanın Naxçıvan muxtar vilayəti kimi Azərbaycanın tərkibində qalması ilə bağlı keçirilmişdir. Sonuncu referendum aktı isə bu il qəbul edilmişdir ki, sentyabrın 26-da növbəti xalq səsverməsi baş tutacaq. Bu, 1995-ci ildə müstəqil Azərbaycanın Konstitusiyasının qəbulundan sonra keçən müddətdə üçüncü referendum olacaq.

Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası 1995-ci il sentyabrın 12-də keçirilən ümumxalq referendumu ilə qəbul edilib. Bundan 7 il sonra-24 avqust 2002-ci ildə konstitusiyaya əlavə və dəyişikliklər üçün referendum keçirilib. Hakimiyyət konstitusiyaya etmək istədiyi əlavə və dəyişiklikləri 24 avqustda referendum keçirməklə reallaşdırmışdı. Konstitusiyanın müəyyən maddələrinə edilmiş əlavə və dəyişikliklərə əsasən vətəndaşlara ombudsmana, Konstitusiya Məhkəməsinə müraciət etmək hüququ təmin edilmiş, həmçinin Milli Məclisin səlahiyyətləri dəqiqləşdirilərək ona ombudsmanın seçilməsi, Apelyasiya Məhkəməsinə hakimlərin təyin olunması hüququ verilmişdi. Bu dəyişikliklərin bir qrupu məhkəmə hakimiyyətinin rolunun artırılması, prokurorluğa qanunvericilik təşəbbüsü hüququnun verilməsi ilə bağlı idi. Müxalifətin daha çox etiraz etdiyi dəyişiklik isə proporsional seçki sisteminin ləğv edilməsi, parlament və bələdiyyə seçkilərinin yalnız majoritar seçki sistemi ilə keçirilməsinin qəbulu idi. 24 avqust referendumuna qədər ölkənin ikinci şəxsi Milli Məclisin sədri idi. Həmin referendumda konstitusiyada edilən dəyişikliyə əsasən, bu status baş nazirə keçib. Müxalifət o zaman bu dəyişikliyə də qarşı çıxış edirdi.

Növbəti referendum 2009-cu il martın 18-də keçirilib. Bu referendumun isə özəlliyi ondan ibarət olub ki, konstitusiyada eyni şəxsin iki dəfədən artıq Azərbaycan prezidenti seçilməsinə qoyulan qadağa ləğv edilib.


Bir qayda olararaq, referendumun konstitusiya ilə müəyyən edilmiş məsəslələri həllində ali legitimliyə, yəni daha yüksək hüquqi təminata nail olunmaq üçün həyata keçirilməsi nəzərdə tutulur. Referendum çox zaman qaydalara uyğun xalqın xeyrinə məsələlər həll etmək üçün edilmir. Çünki referendum çıxarılan məsələlərin mahiyyəti heç də həmişə seçicilərə tam aydın olmur və seçicilər qəbul edilən qərarın siyasi nəticələrini qabaqcadan görə bilmirlər. Avtoritar rejimlərdə zorakılıq və hədələnmə şəraitində (Pakistanda Ziya-ül Həq zamanında onun yeganə namizədliyini bəyənmək üçün seçkilərə gəlməyən şəxslər həbs edilə bilərdi) keçirilir.

Plebisit nədir?

Plebisit (“plebsin dediyi”; burada plebs dedikdə, Roma aristokratiyası deyil, sadə xalq başa düşülməlidir) də seçicilə- rin səsverməsidir. Lakin əksər vaxt ölkə üçün ən zəruri məsələlər – beynəlxalq problemlər, ərazi və şəxsiyyətə aid olan məsələlər üzrə səsvermə plebisit adlandırılır (məsələn, prezident postuna yeganə namizəd üçün səsvermə). Bununla yanaşı, həmin ifadə ilə bağlı hüquq terminologiyasında nə rəsmi, nə də qeyri-rəsmi səviyyədə dəqiqlik yoxdur. Prezident seçkilərini, xüsusilə də seçicilərə bir nəfərin namizədliyi təklif olunarsa, həmin anlayış inkişaf etməkdə olan ölkələrdə həm plebisit (məsələn, Pakistanda), həm də referendum (məsələn, Misirdə) adlandırılır. Göründüyü kimi bu iki ifadənin mənası arasında bəzən sərhəd itir və nəzəri baxımdan onlar sinonim sözlər kimi qəbul olunur. Lakin unudulmamalıdır ki, ana dilində bu terminlərdən istifadə olunarkən, onların xarici dillərdən, xüsusilə də qeyri-avropa dillərindən tərcümə- sinin dəqiqliyinə diqqət etmək lazımdır, çünki müxtəlif dillərdə məna çalarları heç də həmişə eyni olmur. “Ümumxalq səsverməsi” termini ilə də ifadə olunan referendum (latınca “refero” sözündən olub “məlumat veri- rəm”, “məruzə edirəm” deməkdir) anlayışına gəlincə o, ümumdövlət və ya yerli əhəmiyyətə malik olan dövlət və ya özünüidarəetmə xarakterli qərarların qəbul edildiyi səsverməyə deyilir.

Təcrübədə bəzən konstitusiyanın qəbul edilməsi kimi mürəkkəb bir məsələ əhali, parlament və ya əhalinin müxtəlif qruplarının nümayəndələrindən təşkil olunmuş digər orqanlar tərəfindən müzakirə edilmədiyindən ounla bağlı keçirilən referendum xoşagəlməz nəticələrə gətirib çıxarmışdır. Məsələn, bəzən təcrübədə referendumla mürtəce konstitusiyaların qəbul olunması, Hetler Almaniyasında isə hakim təbəqənin ondan ərazi işğallarına haqq qazandırma məqsədilə istifadə edilməsi halları məlumdur. Referendum anqlo-sakson hüquq sisteminə malik ölkələrdə tətbiq edilməsə də, son illərdə Böyük Britanyada onun keçirilməsinə təsadüf edilir.


Ölkəmizdə Referendum təyin etmək hüququ AR-nın Milli Məclisinə (ARK-nın 95-ci maddəsinin I hissəsinin 18-ci bəndi) və Azərbaycan Respublikasının Prezidentinə (109-cü maddənin 18-ci bəndi) mənsubdur. Ümümuyyətlə, əsas qanun kimi konstitusiya yzyn müddət üçün qüvvədə qalması hesablanan və hüquqi xüsusiyyətlərinin sarsılmazlığı, məzmununun sabitliyi ilə səciyyələnən, ali hüquqi qüvvəyə malik olan aktdır. Konstitusiya sabitliyi ilə nə qədər fərqlənərsə, ölkədə qanunçuluq, dövlət hakimiyyətinin təşkili və həyata keçirilməsi, vətəndaşlarla dövlət arasındakı qarşılıqlı münasibətlər də bir o qədər möhkəm təməllər üzərində qurulur.

Referendum dünya təcrübəsində

Dünya tarixinində referendumla mürtəce konstitusiyaların qəbul olunması, Hitler Almaniyasında isə hakim təbəqənin ondan ərazi işğallarına haqq qazandırmaq məqsədilə istifadə etməsi halları məlumdur. Almaniyada 1949-cu il qanununa uyğun olaraq referendum iki və ya bir neçə torpaqda və ya yalnız torpaqların sərhədlərinin dəyişdirilməsi və ya yeni torpağın yaradılması ilə bağlı keçirilir. Bu zaman seçici dəqiq qoyulmuş suala aydın cavab (“hə” və ya “yox”) verməlidir. Ölkədə ümumdövlət referendumları keçirilmir. Misirdə referendumla bağlı müddəalar vətəndaşların siyasi hüquqlarının həyata keçirilməsi haqqında 1956-cı il qanununda verilmişdir. Belə ki, həmin qanunda referendum haqqında xüsusi bölmə vardır. Adı çəkilən instituta aid məsələlər Xalq məclisi və yerli xalq şuraları haqqında olan qanunlarla da nizama salınır. Onu da qeyd edək ki, bu ölkədə seçicilərin istər referendumda, istərsə də seçkilərdə iştirakı məcburidir, əks təqdirdə onlar cərimələnə bilərlər.

Braziliya konstitusiyasında referendum və plebisit haqqında bəhs olunur, lakin onların həyata keçirilməsi prosedurası müəyyən olunmur. Qeyd edək ki, 1993-cü ildə ölkədə idarəetmə forması haqqında məsələ üzrə konstitusiya referendumu keçirilmiş, həmin referendumun şərtləri isə konstitusiyanın keçid müddəaları ilə müəyyən edilmişdir.

Referendum anqlo-sakson hüquq sisteminə malik olan ölkələrdə demək olar ki, tətbiq edilməsə də, son onilliklərdə Böyük Britaniyada onun keçirilməsi hallarına təsadüf olunmuşdur. Belə ki, Britaniyada ümumxalq səsverməsi bütün respublika hüdudlarını əhatə etdiyindən onu ümumdövlət (mili) referendumu hesab etmək olardı.

Fransada yerli referendumun keçirilməsi iki halda mümkündür: Birincisi, Dövlət ərazisinin müəyyən hissəsinin güzəştə gedilməsi, birləşdirilməsi və ya dəyişdirilməsi həmin ərazinin əhalisinin razılığı olmadan həyata keçirilə bilməz (Konstitusiyanın məhz bu maddəsi əsasında 1962-ci ildə Əlcəzairdə, 1974-cü ildə Komor Adalarında, 1976-cı ildə Mayotta adasında referendumlar keçirilmişdir); ikincisi isə yerli referendum kommunalar birləşdirilərkən keçirilir. Ölkədə yerli referendumlara mənfi münasibət bəslənilsə də, onların tez-tez keçirilmə hallarına təsadüf olunur (Statistik göstəricilərə görə ildə orta hesabla yeddi yerli referendum) Ukraynada onun federasiyaya və ya konfederasiyaya daxil olması, ərazinin dəyişdirilməsi məsələləri üzrə yalnız Ümumukrayna referendumu, inzibati-ərazi vahidlərinin sərhədlərinin dəyişdirilməsi məsələsi üzrə isə yalnız yerli referendum keçirilə bilər. Digər tərəfdən, ölkədə vergilər, büdcə və amnistiya məsələləri ümumukrayna referendumu, yerli işlərə aid olmayan məsələlər isə yerli referendumun keçirilməsi yolu ilə həll edilə bilməz.

Rüfət Soltan



Diaspora