Tarix boyu baş vermiş müharibələr haqqında sözsüz ki tarixçilər bizdən daha yaxşı bilirlər. Sizə tarixdən informasiya vermək iqtidarında deyiləm. Amma çoxları üçün maraqlı məqamlar var ki, tarixi araşdırmalarda da bunlar öz əksini tapıb. Müharibə bütün formaları ilə qəbuledilməzdir. Lakin savaşlar insanlarla eyni vaxtda "doğulublar". Müharibələr həmişə olub, var və olacaq. Tarixən dəyişən yalnız müharibələrin formasıdır. Bir zamanlar ən primitiv silahlarla dava edən insanlar, sonra "barıtı" kəşf edib daha çox qan tökdülər. Ondan sonrakı mərhələdə enerjidən xeyli səmərəli istifadə etməklə kütləvi qırğın silahları yaradıldı. Bununla müharibələrin miqyası və məzmunu da yeniləşdi. Müasir tarixi mərhələdə isə "müharibə etmək məharəti" görünməmiş səviyyəyə yüksəlib. İndi top-tüfəngli müharibədən çox, "səssiz-sədasız" savaşlara üstünlük verilir.
Bu müharibə üsulunun "üstünlüyü" ondadır ki, tərəflərin dava etdiyi konkret məkan-zaman – klassik mənada müharibə meydanı yoxdur. Ölkələr bir-birinə açıq savaş da elan etmirlər. Əksinə, özlərini yaxın müttəfiq kimi aparırlar. Hətta müəyyən zamanlarda "ümumi düşmənə" qarşı birgə planlar da qurur, onlara bombalar yağdırırlar. Pərdə arxasında isə həmin "yaxın müttəfiqlər" arasında amansız və səssiz müharibə gedir.Dünyada təqribən 6 minə yaxın müharibə olub. Yer üzündə gəlib keçmiş ən böyük çaxnaşmaların arxasında kiçik, sadəcə bəzən isə gülməli səbəblərin goizləndiyini bilirsinizmi?
Ölkələri mənasız yerə müharibə etməyə vadar edən səbəblərdən danışacayıq.
Troya-Yunanıstan müharibəsi.
Müharibə Parisin gözəlçə Yelenanı qaçıraraq Spartadan Troyaya aparmasından başlayıb. Bu düşünülməmiş hərəkətin nəticəsində Yelenanın bütün keçmiş sevgililəri Troya üzərinə müharibə ilə gediblər. Troya müharibəsində hər iki tərəf ölənə qədər vuruşub. Bu cür qarşıdurmada tərəflərin hər biri itkilərlə üzləşib.
"Şaftalı” müharibəsi.
Bir zamanlar ingilislər Manhettendə yerli hindularla qonşuluqda qarşılıqlı sülh şəraitində yaşayırdılar. Lakin bir gün yüksək vəzifəli məmurlardan biri bu cür yaşamaqdan bezib və bu qonşuluqdan canını qurtarmaq üçün yol tapıb. Guya, o, bağından şaftalı oğurlayan hindu qızı tutub. Final isə çox faciəvi olub. Belə ki, hinduların hamısı bir-bir öldürülüb.
Vikinqlərin 4 illik müharibəsi.
Bu, iki qohum vikinq tayfaları arasında 4 illik müharibə idi. Toqquşmaların səbəbi isə ucuz inci gəlin boyunbağının oğurlanması idi.
"Xroniki” ispan-fransız müharibələri.
Bu müharibələrdən ən azı dörd dəfə olub. Onları mütəmadi olaraq qadınlara görə baş verdiyi üçün "xroniki” adlandırılırdı. Krallar növbə ilə başqalarının sevgililərini ələ keçirdikləri üçün qanlı düşmənliklər başlayırdı.
Portuqallara qarşı 4 illik qarşıdurma.
4 il boyunca britaniyalı və ispanlar portuqallarla mübarizə aparıblar. Buna səbəb isə qalası olan balaca ada olub. İngilislər onu müdafiə ediblər, ancaq portuqallar onun real ölçülərindən bixəbər idilər. Əslində o, bir qala ərazisi boyda idi, sadəcə xəritənin miqyası düzgün verilməmişdi. Düz 4 il ərzində bir qarış torpaq uğrunda qanlar tökülüb.
İki yüksəkvəzifəli məmur arasında Braziliya müharibəsi.
Onlar 3,% il dörd qutu qaçaq Kuba siqarları uğrunda müharibə ediblər.
Saqqala görə ən qanlı müharibə.
Bu, Çində orta əsrdə 3 il boyunca davam edən və 15 min əsgər və zabitin ölümünə səbəb olan ən qanlı müharibə idi. Bu münaqişənin başlanmasına səbəb çinli aristokratın düşünülməmiş hərəkəti olub. O, digər aristokratla o qədər mübahisə edib ki, onu saqqalından dartdığının fərqinə varmayıb. Bu isə Çində ən böyük təhqir hesab edilir.
İki afrika qəbiləsinin məhvinə gətirib çıxarmış inək müharibəsi.
Müharibə 1834-cü ildə başlaylb və iki il davam edib. Qırğınların səbəbi hələ də bəlli olmasa da, bəzi mənbələrə görə, tayfa başçılarından biri digəri ilə inəyə görə mübahisə edib. Qarşı tərəf inəyin oğurlandığını iddia edirmiş. Hər iki tayfa sonra məhv olub.
500 illik "tısbağa” müharibəsi.
Deyirlər ki, bu müharibə assur çarlarından birinin xarici qonağı sərxoş çariçanın əlindən düşən naxışlı bağa darağı qaldırmağı özünə əksik bildiyi üçün münaqişə başlayıb.
150 min yaponun öldüyü 250 illik müharibə.
Müharibəni alovlandıran səbəb danışıqlar zamanı etiket qaydalarına əməl edilməmədir. Bildirilir ki, səfirlər syoquna hədiyyə gətirərkən lazımi yerdə dayanmayıblar və lazımi anda ayağa qalxmayıblar. Samuray və digər saray nümayəndələri amansız müharibəyə başlayıblar.
"Din müharibələri"
Dünya səlib yürüşləri ilə xüsusi bir terminlə tanış oldu: "din müharibələri". Bu termin əsrlər boyu baş verən hər müharibədə bu və ya digər şəkildə ön plana çıxarıldı. Münaqişələrin kökündə hər zaman "inanc" problemi olduğu təlqin edilməyə çalışıldı. Beləliklə maraqlar, irqçilik, torpaq və güc ehtirası ön plana çıxmayacaq, müharibələrin səbəbi olan eqoistlik gizli qalacaqdı.
Halbuki nə səlib yürüşləri, nə də tarixə damğasını vurmuş və dünyaya təsir edən böyük müharibələr din mənşəli idi. Səlibçilər xristianlığın sülhsevər təbiəti ilə əlaqəsi olmayan, işğal və qan tökmə ehtirası ilə bir araya gəlmiş fitnəkarlar idi. Səlib yürüşləri zamanı məhz xristian şəhərləri talan edilmiş, hətta o vaxt xristian şəhəri olan Konstantinopol, yəni İstanbul işğal edilərək yerlə yeksan edilmişdi.
Xristianlıqdakı məzhəb münaqişələri anlayışı da əslində güc və iqtidar mübarizəsinin bir yansıması idi. Təbii ki, xristian dünyasında protestant, katolik və pravoslavlar arasında fikir ayrılıqları geniş yayılmışdı, amma xristian dünyasındakı müharibələrin çıxış nöqtəsi bu deyildi. Çox vaxt siyasi mənfəətlərin dövrəyə girdiyi bu münaqişələrdə o dövrün papaları belə bu siyasi güc mübarizəsinin bir fiquru halına gətirilmişdi.
Yaxın Şərq bundan fərqli deyildi. Böyük müharibələrin iştirakçıları tarix səhnəsinə ancaq maraqları ilə birlikdə gəliblər. Yaxın Şərqdəki müharibələr dini müharibə kimi təqdim edilsə də, əslində müharibənin tərəfləri dövrün Bəəs rejimlərinin nümayəndələri idi. Məlum olduğu kimi, Bəəs, kommunist partiya üzvləri tərəfindən qurulan, Yaxın Şərq marksist ideologiyasının ən əsas tətbiq mərkəzi idi.
İslam dünyasında olan məzhəb münaqişələri də eyni məntiqin nəticəsi idi. Adı hər nə qədər məzhəb ayrılıqları olsa da, əslində problem qəbilələr, etnik qruplar arasındakı güc müharibələri idi. Tarix boyunca Yaxın Şərqdə müxtəlif formalarda baş verən şiə-sünni münaqişəsi əslində bütövlükdə fərqli etnik qrupların nüfuzunu artırma, təbii ehtiyatlar və ticarət yollarında hakimiyyət qurmaq ehtirası idi. İslam adından istifadə edən radikal qruplar ortaya çıxana kimi bu münaqişə əslində heç vaxt birbaşa məzhəblərlə bağlı olmamışdı. Amma məzhəblər daima nifrəti qızışdıran, müharibə etmək istəyini artıran bir yan təsir olaraq ortaya atıldı.
Samuel Hantinqtonun 90-cı illərdə dilə gətirdiyi sivilizasiyaların toqquşması konsepsiyası əslində bu münaqişələrin tətbiq etmə formasını təsvir edirdi. Hantinqton ölkələr arası münaqişələrin və ölkələrin daxilində baş verən konfliktlərin gedərək etnomədəni güc qazanacağını irəli sürmüşdü. Hantinqtona görə bu qloballaşmanın təbii nəticəsi olacaqdı. Başqa sözlə güc nisbətləri dəyişəcək və hakimiyyət-iqtidar narahatlığı yeni müharibələrə şərait yaradacaqdı. Dünyanın içinə düşdüyü materilasit və mənfəətpərəst anlayış Hantinqtonun fikirlərini haqlı çıxardı. Lakin dövlətlər yenə də «dini günahlandırmağı» davam etdirdilər.
Din adı ilə ortaya çıxan radikal qrupların dünyadakı müharibələrin və hakimiyyət mübarizəsinin dəhşətli nəticəsi olduğunu unutmamaq lazımdır. Super güclərin bir-birinə təhdid və hətta güc nümayişi kimi bir çox radikal qrupu dəstəklədiyi heç vaxt sirr olmayıb. Radikal qrupların əlində silahla ortaya çıxmasının da əsasında "din"dən çox qəzəb və intiqam duyğularının olduğunu burada xatırlatmaq lazımdır.
Bu məsələdə İqtisadiyyat və Sülh İnstitutunun (Institute for Economics and Peace) 2014-cü il tarixli hesabatını nəzərdən keçirməkdə fayda var. Hesabat 2013-cü ildə baş verən 35 silahlı qarşıdurmanın heç birinin əsas səbəbinin din olmadığını ortaya qoyur. Hesabata görə, münaqişələrin əsas səbəbi hakimiyyətə qarşı olan separatçı cərəyanlar, ideoloji ziddiyyət və təbii resursların bölüşdürülməsi kimi problemlərdir.
Hesabat "bir ölkədə dindarların və ateistlərin nisbəti ölkədəki sülhü müəyyən edirmi" sualının cavabını bir statistika ilə verib. Hesabata görə, sülhün ən yüksək səviyyəsinə malik hər on ölkədən üçü dindar ölkələrdir. Sülh səviyyəsi yüksək olan 20 ölkənin 11-ində xalqın 90%-i özlərini dindar kimi təqdim edirlər. Ən az sülhsevər ölkələrin qarşılaşdığı ortaq nöqtəsi isə demokratiya səviyyələrinin aşağı olmasıdır. Avtoritar rejimlər qarşıdurma mühitinin ən böyük səbəbidir. Ateizmin dövlət siyasəti olduğu ölkələr isə ciddi qarşıdurma və narahatlıq mühitinin baş verdiyi ölkələrdir. Buna kommunist ölkələr də daxildir.
Hesabatın "müsəlman ölkələrində şiə və sünni bölgüsü sülh şəraitini müəyyən edir mi" sualı "sülh və məzhəb fərqlilikləri arasında müəyyənedici əlaqə yoxdur" deyə cavablandırılmışdır. Əhalisinin 85%-i sünni, 15%-i şiə olan Qətər sülh səviyyəsi olaraq 11-ci yerdə olduğu halda, oxşar nisbətdəki Əfqanıstanda vətəndaş müharibəsi olduğu bildirilərək problemin məzhəblər olmadığı vurğulanıb. Yenə eyni şəkildə şiə-sünni nisbəti yarıbayarı olan Bəhreyndə dinc mühit olduğu halda, bənzər vəziyyətdəki Yəməndə vətəndaş müharibəsinin olması da hesabatda verilən digər bir nümunədir.
"Din sülhün bərqərar olmasında müsbət rol oynaya bilərmi" sualı isə hesabatın ən kilid nöqtəsidir. Hesabata görə, xüsusilə dinlər arası əməkdaşlıq təşkilatlarının sülhü gücləndirici təsiri var. Yəni əgər dünyada uzunmüddətli və təsirli bir sülh tələb olunursa, dindar insanların dinlər arası əməkdaşlıq və dostluğu güclü olmalıdır.
İqtisadiyyat və Sülh İnstitutunun statistikaya əsaslanaraq rəsmiləşdirdiyi sözügedən məruzənin verdiyi nəticə həqiqətən diqqətçəkicidir: müharibələri dinlər çıxarmır, lakin müharibələrin durmasının yeganə yolu dinlər və dindarlar arası ittifaqdır. Dünyanın getdikcə daha böyük fəlakətlərə sürükləndiyi bu günlərdə sülh üçün həll yolu axtaranların bu həqiqətə diqqət vermələri çox əhəmiyyətlidir. Sülhü mümkün etmək üçün daha çox bombadan istifadə etmək, davamlı olaraq İslamı günahlandırmaq və İslam əleyhinə şüarlarla daim qəzəb yaratmaq bu kabusu labüd olaraq daha qorxunc hala gətirəcək. Həll yolu axtaranlar əgər həqiqətən sülh istəyirlərsə, dinlərin mahiyyətini müdafiə edən həqiqi sülh insanlarının ittifaqına və dediklərinə diqqət verməlidirlər.
Müasir dövrün müharibələrini yaradan səbəblər
Dövlətlərarası münasibətləri nizama salmağın iki əsas yolu vardır. Birincisi, diplomatik üsullara üz tutaraq siyasi görüşlər həyata keçirmək və məsələnin həllinə sülh yolu ilə nail olmaqdır. Nisbətən geniş yayılan bu yol çox zaman müsbət nəticələnir və ən optimal seçim kimi dəyərləndirilir. Bəzən bu cəhd nəticə vermir və dövlətlər ikinci üsula – müharibə yoluna əl atırlar. Onları dünya tarixində dərin izlər qoyub müasir dövrdə də davam edən müharibələri seçməyə vadar edən bir neçə səbəb var. İlk növbədə, dövrün tələbinə uyğun olaraq güclü dövlətlər yeni xammal mənbələri ələ keçirmək arzusundadırlar. statistikaxammalBaşqa sözlə desək, qabaqcıl iqtisadiyyata malik dövlətlər dünya bazarına nəzarət edə bilmək və daha ucuz xammal əldə etmək üçün bu ehtiyatların yerləşdiyi ölkələrdəki daxili qarşıdurmanı gücləndirməyə çalışırlar. Belə cəhdlər haqlı olaraq qarşı dövlətlər tərəfindən obyektiv qiymətləndirilmir və müharibəyə səbəb olur. Misal olaraq yaxın keçmişdə baş vermiş Birinci və İkinci Dünya müharibələrini göstərmək olar. Hər iki müharibədə İngiltərə, Almaniya, Rusiya kimi dövlətlərin məqsədi yeni ve faydalı qazıntılarla zəngin torpaqlar ələ keçirmək olmuşdur. Həmçinin Suriya, İraq və digər Şərq dövlətlərindəki hazırkı vəziyyət də bu amilin nə qədər əhəmiyyətli olduğunu sübut edir. Digər mühüm səbəb isə hərbi bazası güclü olan dövlətlərin silah satmaq üçün yeni alıcılar axtarmasıdır. Belə ki, müharibələr hər zaman üçüncü tərəflərin əlverişli gəlir mənbəyi olmuşdur. Amerika Birləşmiş Ştatları bu kateqoriyaya bariz nümunədir. ABŞ 1980-1988 – il İran-İraq müharibəsi zamanı İraqın müttəfiqi olmasına baxmayaraq, İrana silah satışını həyata keçirirdi. Milli azadlığın bərpa edilməsi də tez-tez müharibələrə səbəb olur. Çeçen xalqı 1864-cü ildə itirdiyi müstəqilliyini bərpa etmək üçün 1994-1996-ci il müharibəsini başlatmış, məqsədinə nail ola bilmədiyi üçün 1999-2009-cu illərdə davam etdirmişdir.narkotika Müharibələrin baş verməsinin başqa bir səbəbi kimi narkotik maddələrin alveri göstərilir. Əksər ölkələrdə qanunla qadağan olunmasına baxmayaraq, bu cür maddələrin satışı ən gəlirli biznes hesab olunur. Ekspertlər bəzi ölkələrdə, xüsusən də Əfqanıstanda baş verən qanlı toqquşmalar və terror aktlarının illərlə davam etməsini və bu məsələnin həllində heç bir müsbət addım atılmamasını məhz bu amillə əlaqələndirirlər. Beləliklə, bəzi qüvvələrin əlavə qazanc əldə etmək istəyi dünyada müharibə ocaqlarının artmasına və vəziyyətin daha da gərginləşməsinə səbəb olur.
Sonda müharibə ilə bağlı belə bir aforizm var: "Dövlətlər sülhə nail olmaq üçün müharibə aparırlar!”
Rüfət Soltan