21-ci əsrin Məcnunu Gəncədə yaşayır

21-ci əsrin Məcnunu Gəncədə yaşayır backend

İndi sizə əsl sədaqət və vəfa nümunəsini göstərəcəyik.

Gəncədə yaşayan 80 yaşlı Tağı Tağıyev 17 il əvvəl vəfat etmiş həyat yoldaşının məzarını hər gün ziyarət edir. Yaşlılıq və xəstəlikdən əziyyət çəkməsinə baxmayaraq, bu vərdişini tərk etmir və son nəfəsinə qədər də tərk etməyəcəyini deyir. Təbii ki, onun bu davranışı hər kəsdə maraq və rəğbət oyadır.

Əlində əsa, aramla kilometrlərlə məsafəni qət edir. Gəncədə yaşayan 80 yaşlı Tağı Tağıyev illərdir günaşırı səhər tezdən yola çıxır. 1999-cu ildə vəfat etmiş, bu günədək bir an belə unutmadığı və məzarında tək qoymadığı həyat yoldaşı Atlasın görüşünə tələsir. Yorulanda əsasına söykənib nəfəs alır, ancaq 5 kilometrlik yolu gedib-gəlməkdən usanmır. Onun mərhum ömür-gün yoldaşına bu bağlılığının isə özünəməxsus səbəbləri var.

Tağı Tağıyev illərdir tərk etmədiyi bu vərdişini dizində təpər olan son günə qədər davam etdirmək niyyətindədir. Elə ilk gündən söz verdiyi kimi...

Onun qəbrin ətrafında yaratdığı səliqə-səhman, əkdiyi gül kolları və meyvə ağacları da buranı fərqli bir məkana çevirib. Sanki keçmiş xanımına son mənzilində gözəl bir guşə yaradıb.

Tağı Tağıyev 33 il birgə firavan ömür sürdüyü Atlas xanımla keçirdiyi xoş günləri tez-tez xatırlayır və kövrəlir. Ancaq onun xatirəsini əziz tutmaq üçün ruhdan düşmür. Hətta xanımının öldüyü gündən həyəcandan tutulduğu xəstəlik belə ona mane ola bilmir. Öz sözləri ilə desək, o, hələ bundan sonra da xeyli gəlib-gedəcək ömür-gün yoldaşının son mənzilinə. Gələndə ürəklə, uçaraq, qayıdanda isə əlacsız, ayrılmaq istəmədən..

Diaspora