Hindistanda olduqca maraqlı oğurluq hadisəsi baş verib.
Qaziler.az ATV.az-a istinadən bildirir ki, bu dəfə soyğunçu hər hansı bir şəxs yox, adi bir meymundur. Maraqlıdır ki, meymun, soyğun üçün hər hansı banan dükanını deyil, qızıl-zinət əşyalarının olduğu mağazanı seçib.Əlbəttə, mağazaya yerləşdirilən müşahidə kameraları olmasaydı, meymunun qızıl dükanından oğurluq etdiyinə heç kim inanmazdı. Kadrlardan görünür ki, mağazanın işçisi qapının ağzında oturan meymunu uzaqlaşdırmağa çalışır. O, hətta heyvana yemək də təklif edir. Lakin meymun yeməyə baxdıqdan sonra kənara atır və əlləri ilə qapını itələyərək dükana soxulur. Meymunun hücumundan ehtiyyat edən mağazanın işçisi isə obyekti tərk edir.
Ən maraqlısı budur ki, meymun birbaşa kassaya yaxınlaşıb, kassanı açaraq pulları götürüb və cəld aradan çıxıb. Mağazanın sahibi və işçisinin gəlişinə qədər isə iş-işdən keçib. Meymun kassadan 10 min ruppi - təxminən 150 dolları götürərək, naməlum istiqamətə qaçıb. İndi polis soyğunçu meymunu axtarır. Hərçənd, primatın üzərində xüsusi tanınma əlamətləri olmasa, onu tapmaq çətin olacaq. Hindistan polisi güman edir ki, meymun xüsusi olaraq soyğun üçün əhilləşdirilib. Əks halda, qızıl-zinət əşyaları bu heyvanın nəyinə lazımdı? Hər halda, sahibinin təlimatlarını dəqiqliklə yerinə yetirən meymun indi Hindistanda internet qəhrəmanıdır.