Kamçatkanın əsas aeroportunda it naməlum istiqamətə uçmuş sahibini bir həftədir ki, gözləyir.
“Biz bilmirik ki, bu it haradan gəlib? O, vağzal meydançasında gəzir, Kamçatkaya gələn sərnişinləri qarşılayır. Heyvanın burada qayğısını çəkən sığınacaq könüllüləri bildirib ki, iti sahibi burada qoyub getmişdir. Onun heyvanı aparmağa pulu çatmamış və o, lazımi veterinar sənədlərini hazırlaya bilməmişdir“, - deyə aeroport nümayəndəsi bildirib.Qaziler.az RİA “Novosti“yə istinadən xəbər verir ki, iti təyyarəyə buraxmadıqlarına görə, sahibi onsuz getməyə məcbur olmuşdur.
Aeroport əməkdaşları qeyd ediblər ki, heyvan çox tez dostlaşır, özünü çox sakit aparır, məmnuniyyətlə insanların əlindən yemək qəbul edir. Daha çox ət yeməklərinə üstünlük verir.
İt artıq sosial şəbəkələrdə sədaqət və vəfanın simvolu kimi məşhurlaşıb və onu “Kamçatka Xatikosu“ adlandırırlar.
Kamçatkada ümid edirlər ki, itin sahibini tapmaq mümkün olacaq. Əgər o tapılsa, yerli sığınacaq könüllüləri lazımi veterinar sənədlərini hazırlamağa və uçuş haqqını ödəməyə hazırdırlar. “Kamçatka Xatikosu“nun Moskvaya çatdırılması 10000 rubla başa gəlir.
Qeyd edək ki, akita-inu cinsindən olan Xatiko adlı it Yaponiyada vəfa və sədaqətin simvolu hesab edilir. Xatiko 9 il ərzində dəmiryol stansiyasına gedərək artıq çoxdan ölmüş sahibinin yolunu gözləmişdi. 1934-cü ildə vəfalı itə heykəl ucaldılmışdır. Xatikonun həyatından bəhs edən bir neçə film də çəkilmişdir.