ABŞ-ın Nyu-York ştatının federal hakimi Ədliyyə Nazirliyinin “Apple” korporasiyasına qarşı iddiasını rədd edib. Nazirlik şirkətdən narkotiklərlə bağlı cinayət işi üzrə istintaq çərçivəsində bəzi “iPhone”lardakı məlumatları istəyirdi.
İKT.lent.az-ın “Associated Press”ə istinadən verdiyi xəbərə görə, hökumət bu iş üzrə şirkətə ötən ilin oktyabrında – San Bernardino hadisəsindən əvvəl müraciət edib.
Xatırladaq ki, “Apple” korporasiyası ötən ilin dekabrında San-Bernardino şəhərində terror törədən Səid Farukun “iPhone”undakı məlumatları Federal Təhqiqatlar Bürosuna (FBİ) təqdim etməkdən imtina edib. Məhkəmənin 16 fevralı tarixli qərarı əsasən “Apple” telefondakı informasiyaları əldə etmək üçün FBİ-a kömək etməlidir, lakin şirkət hökumətin sorğusunun müştərilərinin təhlükəsizliyinə təhdid yaratdığını, özəl həyatın gizliliyinə, vətəndaş hüquq və azadlıqlarına zidd olduğunu və bunu etməyəcəyini bildirib. Buna cavab olaraq ABŞ Ədliyyə Nazirliyi məhkəmədə yeni vəsatət qaldıraraq şirkət haqqında məcburedici qərar çıxarılmasını istəyib. Məhkəmə iclası martın 22-nə təyin olunub.
ABŞ-ın baş prokuroru Loretta Linç isə ümid etdiyini bildirib ki, “Apple” məhkəmənin qərarını yerinə yetirəcək. “Söhbət ondan gedir ki, dövlət milli təhlükəsizliyə aid olan məsələdə sübutları necə əldə edəcək”, - deyə o, söyləyib.