ABŞ-ın “Apple” korporasiyası 10-12 milyard dollar məbləğində istiqraz buraxmaq niyyətindədir. İKT.lent.az-ın “MarketWatch” agentliyinə istinadən verdiyi xəbərə görə, 2013-cü ildən bəri bu, korporasiyanın bazarda beşinci böyük istiqraz yerləşdirməsidir.
“Apple” istiqrazları 30 illik müddətə buraxacaq, gəlirlər ABŞ xəzinə istiqrazlarının gəlirlərindən 2,15% çox olacaq. Şirkətin planları sırasında 7 illik “yaşıl” istiqrazlar buraxmaq da var, bunların ödənişi təmiz enerji sahəsinə yatırımlar yolu ilə olacaq.
“National Alliance Capital Markets”in əməkdaşı Endryü Brenner bildirib ki, “Apple” böyük nağd vəsait ehtiyatına malikdir, lakin onlar ABŞ xaricində olduğu üçün əlçatan deyil: “Şirkət ABŞ valyutası ehtiyatını artırmaq, səhm alışı və divident ödənişləri üçün emissiya həyata keçirir”.
Qeyd edək ki, “Apple” yanvarda 2016-cı maliyyə ilinin ilk kvartalı (oktyabr-dekabr 2015) üçün rekord gəlir açıqlayıb. Korporasiyanın ümumi gəliri 75,9 milyard dollar, xalis gəliri isə 18,4 milyard dollar olub.