Rəngli hava şarları əsasən helium, hidrogen, oksidləşmiş azot, oksigen və hava qazı ilə doldurula bilən elastik torbadır. APA TV-nin xəbərinə görə, Maykl Faradey tərəfindən 1824-cü ildə ixtira edilən rəngli rezinlər ilk dəfə XIX əsrdən etibarən istifadəyə verilib.
Rezin şarların üzərində müxtəlif növ eksperimentlər də aparılıb. Belə ki, ilkin mərhələdə şarlar heyvanların qurudulmuş sidik kisələrindən hazırlanıb. Zaman ötdükcə rəngli hava şarlarının hazırlanma texnologiyası da dəyişib. Müasir dövrdə şarlar müxtəlif materiallardan, məsələn, rezin, lateks, polixlorpren kauçuku və sellofandan (neylon) hazırlanır və müxtəlif rənglər ala bilir.
Hava şarlarının hazırlanması üçün lateks adlanan xüsusi kimyəvi qarışıqdan istifadə olunur. Bundan başqa, şarın üzərində xüsusi fiqur əldə etmək üçün mavi rəngli boyadan istifadə olunur. Daha sonra şarlar boyanması üçün növbəti mərhələyə göndərilir. Hazır forma almış hava şarları xüsusi maye məhlulun içərisində 16 dəqiqə boyunca saxlanılır.
Növbəti istehsal mərhələsində mavi rəngli bu hava şarları çarxlı qurğunun içərisindən keçirilir. Sonuncu mərhələdə isə istehsal olunmuş hava şarları müxtəlif formalara salınır.
Şarın xüsusiyyətləri ondan geniş növ istifadə məqsədlərinə yol açıb. Xüsusi günlərdə pozitiv enerji yaradan və ən çox da uşaqların sevdiyi hava şarları adətən xüsusi günlərdə (evlilik təklifləri, ad günləri, toy-nişan mərasimləri) həmin günlərin keçiriləcəyi məkanların dekorasiyası üçün istifadə olunur.