Yoldaş Stalin xüsusi yumor hissinə malik olub.
O, həm də çox hazırcavab imiş. Hərdən öz qərarlarını və hökmlərini yumorla bildirirmiş. Bu yumoru eşidənlər isə o an qorxudan gülüş hissindən çox uzaq olublar.Qaziler.az Rusiya mətbuatına istinadən bu zarafatları təqdim edir:
1.Bir general-polkovnik vəziyyətlə bağlı Stalinə məruzə edir. Ali baş komandan bundan çox razı görünür və hətta iki dəfə razılıq əlaməti olaraq başını tərpədir. Məruzəni bitirən hərbi rəis susur. Stalin soruşur: “Siz yenə nəsə demək istəyirsiz?”
“Bəli, mənim şəxsi xahişim var. Almaniyada olarkən mənimçün maraqlı olan bəzi əşyalar almışdım. Lakin nəzarət məntəqəsindən onları buraxmadılar. Əgər mümkündürsə xahiş edərdim onlar mənə qaytarılsın”.
“Mümkündür. Raport yazın, mən əmr verərəm”.
General-polkovnik əvvəlcədən hazırlanmış raportu cibindən çıxarır. Stalin əmr verir. Xahiş edən dönə-dönə təşəkkür edir.
“Minnətdarlığa ehtiyac yoxdur”, - Stalin deyir.
Raportdakı əmrdə: “Polkovnikə onun köhnə-kürüşü qaytarılsın. İ.Stalin”, sözlərini oxuyan general Stalinə müraciət edir: “Burada səhv var, yoldaş Stalin. Mən polkovnik yox, general-polkovnikəm”.
“Yox, burada hər şey düz yazılıb, yoldaş polkovnik”, - Stalin cavab verir.
2.1938-ci ildə admiral İ.İsakov Hərbi-Dəniz Donanması xalq komissarı müavini idi. 1946-cı ildə Stalin onu yanına çağırır və deyir ki, İsakovun Baş Dəniz Donanmasının, yəni bu ildən adı dəyişdirilən Hərbi Dəniz Donanmasının baş qərargah rəisi təyin etməklə bağlı fikir var.
İsakov cavab verir: “Yoldaş Stalin, sizə bildirməliyəm ki, məndə çox çiddi nöqsan var: mənim bir ayağım amputasiya olunub”.
“Bu sizin məlumat verməyi lazım bildiyiniz yeganə çatışmayan cəhətinizdir?”
“Bəli”, - admiral təsdiqləyir.
“Bizdə əvvəlki qərargah rəisi başsız idi. Belə də, işləyirdi. Sizdə ancaq ayaq yoxdur; bu, qorxulu deyil”, - Stalin söhbəti bitirir.
3.Müharibədən sonra Stalin öyrənir ki, professor K. Moskva ətrafında bahalı bağ evi tikdirib. O, professoru yanına çağırıb soruşur: “Bu doğrudur ki, siz neçə minəsə bağ evi tikdirmisiz?”.
“Doğrudur, yoldaş Stalin”, - professor etiraf edir. “Uşaq evi bu bağı onlara hədiyyə etdiyinizə görə sizə təşəkkür edir”, - deyə Stalin bildirir və onu Novosibirskə müəllimlik etməyə göndərir.
4.1936-cı ilin payızında Qərbdə İosif Stalinin ağır xəstəlikdən vəfat etdiyi barədə şayiə yayılır. “Associated Press” agentliyinin müxbiri Çarlz Nitter informasiyanı səhih mənbədən öyrənməyi qərara alır. O, Kremlə gedir və Stalinə belə bir sual olan məktub yollayır: bu şayiəni təsdiq, yoxsa inkar etməli?
Stalin jurnalistə dərhal çcavab verir: “Lütfkar əlahəzrət! Xarici mətbuatdan mənə məlumdur ki, mən artıq çoxdan bu günahkar dünyanı tərk edib o dünyaya köçmüşəm. Xarici mətbuata isə inamsız yanaşmaq olmaz. Əgər siz sivilizasiyalı insanlar siyahısından silinmək istəmirsinizsə, xahiş edirəm bu məlumata inanın və mənim o tərəfdəki sakitlikdə rahatlığımı pozmayın.
26 oktyabr,1936-cı il. Hörmətlə İ.Stalin”.
5.Stalin Bədii Teatrda tamaşaya baxmağa gedir. Stanislavski onu qarşılayır, əlini ona uzadaraq əsl soyadını deyir: “Alekseyev”.
“Cuqaşvili”, - Stalin də öz soyadını deyib onun əlini sıxır və öz kreslosuna tərəf gedir.