Məlum olub ki, görünən yuxuları astroloqlara deyil, həkimlərə danışmaq lazımdır.
Alimlərin fikrincə, yuxular insan sağlamlığı haqqında mühüm məlumatlar daşıyır və bu məlumatlar düzgün təhlil olunarsa, hətta ciddi xəstəliklərin qarşısını almaq mümkündür.
Qaziler.az xarici mətbuata istinadən bildirir ki, Böyük Britaniyanın Lafboro Universitetinin mütəxəssisləri apardıqları araşdırmalar nəticəsində belə bir qənaətə gəliblər.
Bəs yuxularımız bizə nədən xəbər verir? Britaniyalı mütəxəssislər yuxuların özünəməxsus tibbi izahını hazırlayıblar. Həmin təhlillərə əsasən, qorxulu yuxular (kabuslar) miqren, ürək-damar sistemi problemləri, xroniki yuxusuzluq və qan təzyiqini aşağı salan beta-blokator qrupu preparatların qəbulu nəticəsində yarana bilər.
Yuxular əgər bir kaleydoskop kimi sürətlə bir-birini əvəz edirsə və sayca adətən olduğundan daha çoxdursa, bu, yataq otağının həddindən artıq isti və ya soyuq olmasının göstəricisidir. Antidepressantların qəbulu və xroniki ağrılar da yuxugörmə tezliyinin artmasına səbəb olan amillərdəndir.
İnsanın özünə qarşı hücum edildiyini gördüyü yuxular Parkinson və Altsheymer xəstəliyindən əziyyət çəkən və ya bu xəstəliklərin ilkin simptomlarını yaşayan şəxslər üçün xarakterikdir. Bununla belə, "hücum" və ya "təqib" yuxuları real həyatda yaxın keçmişdə baş vermiş güclü emosional sarsıntılara qarşı bədənin təbii reaksiyası da ola bilər.
Yadda qalan, qeyri-adi, parlaq və sürrealizmə yaxın yuxular isə çox vaxt yuxudan əvvəl alkoqollu içkilərin qəbulu, orqanizmdəki infeksiyalar və ya menopoz dövrü ilə bağlıdır. Erotik xarakterli yuxulara gəlincə, bir çoxlarının təəccübünə səbəb olsa da, onların cinsi tələbatla heç bir əlaqəsi yoxdur. Qayda olaraq, bu cür yuxuları daha çox yaşlı insanlar (60-70 yaş qrupu) görürlər və bu, keçmiş günlərin həsrəti ilə deyil, fərdin yaradıcılıq potensialının (kreativliyinin) yüksək olması ilə izah edilir.
QAZİLER.AZ

