Bu gün qadın dəbinin simvollarından sayılan hündürdaban ayaqqabılar vaxtilə kişi qarderobunun bir hissəsi olub. Onlar əvvəlcə at sürməyi asanlaşdırıb, daha sonra isə var-dövlət və nüfuz göstəricisinə çevrilib.
Qaziler.az "Lent.az"a istinadla xəbər verir ki, ilk dabanlı ayaqqabıların Qərbi Asiyada yarandığı ehtimal olunur.
Dabanın praktik funksiyası olub: süvarinin ayağını üzəngidə saxlamaq və irəli sürüşməsinin qarşısını almaq. Bu, xüsusilə at belində silah işlədən döyüşçülər üçün əhəmiyyət daşıyıb.
Torontodakı Bata Ayaqqabı Muzeyinin məlumatına görə, Qərbi Asiyada belə ayaqqabılardan Avropadan yüz illər əvvəl istifadə olunub. Muzeydə saxlanılan XVII əsrə aid İran kişi çəkmələri də dabanın atçılıqla əlaqəsini göstərir.
Daban nüfuz göstəricisinə çevrilib
XVII əsrin əvvəllərində avropalı kişilər İran geyim mədəniyyətinin bəzi elementlərini mənimsəməyə başlayıblar. Dabanlı ayaqqabılar da tədricən süvari geyimindən çıxaraq kişi dəbinə daxil olub.
Hündür və nəzərəçarpan daban sahibinin cəmiyyətdəki mövqeyini göstərib. Belə ayaqqabılar uzun müddət gəzmək üçün rahat olmasa da, əsas məqsəd praktik istifadə deyil, dəbdəbəni nümayiş etdirmək olub.
Fransa saray dəbinin təsiri ilə qırmızı dabanlar da aristokratların geyimində yer alıb. Həmin dövrün kişi ayaqqabılarının dabanları indiki nazik qadın dabanlarından fərqli olaraq enli və möhkəm olub.
Qadınlar nə vaxt geyinməyə başlayıb?
XVII əsrdə qadınlar kişi geyiminin bəzi elementləri ilə yanaşı, dabanlı ayaqqabıları da mənimsəyiblər. Zamanla qadın modellərinin dabanı daha nazik, hündür və bəzəkli olub.
Kiçik ayaq qadın gözəlliyinin əlamətlərindən sayıldığı üçün bu ayaqqabılar xüsusi maraq doğurub. Daban ayağın vəziyyətini dəyişdirib, uzun ətəyin altından ayaqqabının yalnız kiçik hissəsinin görünməsinə imkan verib.
XVIII əsrin sonlarına doğru isə hündürdaban ayaqqabılar gündəlik kişi geyimindən demək olar ki, çıxıb. Atçılıqda istifadə edilən çəkmələrdə daban praktik əhəmiyyətini qoruyub.
Kişi dəbinə yenidən qayıdıb
1970-ci illərdə disko mədəniyyətinin təsiri ilə hündür dabanlı və platformalı ayaqqabılar kişilər arasında yenidən dəbə minib. Daban kovboy və bayker çəkmələrində də qalmağa davam edib.
Beləliklə, bu gün daha çox qadınlarla əlaqələndirilən ayaqqabı vaxtilə kişi süvarilərin işini asanlaşdıran vasitə olub. Sonrakı əsrlərdə isə dəbin dəyişməsi ilə tamam başqa məna qazanıb.

