Macarıstan sakini Qerqo Borbey 2000 müxtəlif növ energetik içki qutusu toplayaraq dünya rekorduna imza atıb.
Qaziler.az xəbər verir ki, bu barədə UPI məlumat yayıb.
Kolleksiyaçının sözlərinə görə, onun energetik içkilərə olan marağı 2008-ci ilin avqustunda təsadüfən başlayıb. İsti bir yay günündə tələbə yataqxananın yanındakı mağazaya soyuq qazlı su almaq üçün daxil olub, lakin ən uyğun seçim yalnız energetik içki olub. İçki onun xoşuna gəlib və bundan sonra o, digər markaları da dadmağa başlayıb.
Boş qutular tədricən onun otağına yığılıb qalıb. Günlərin bir günü Borbey onları təkrar emala təhvil vermək istəyib, lakin hər dizayndan bir nüsxə özündə saxlayıb. Həmin vaxt kolleksiyasında cəmi 15-ə yaxın qutu olub.
Sonrakı illərdə o, Yaponiya, ABŞ və Avropanın müxtəlif ölkələrindən yeni nüsxələr gətirib. Kolleksiyanın ən qeyri-adi nümunələri arasında 1990-cı illərə aid Michael Jackson Mystery energetiki və hələ Yuqoslaviyada istehsal olunmuş köhnə Guarana qutusu var.
İndi isə Ginnesin Rekordlar Kitabı rəsmi olaraq Borbeyin kolleksiyasını dünyada ən böyük kolleksiya kimi tanıyıb.
Rekordçu, "Əgər 2008-ci ildə mənə bir neçə qutunun nə vaxtsa dünya rekorduna səbəb olacağını desəydilər, sadəcə gülərdim" deyərək hisslərini bölüşüb. O, bununla kifayətlənmək niyyətində deyil və yeni, nadir nüsxələrin axtarışını davam etdirəcəyini bildirib.
QAZİLER.AZ

