Payızda Azərbaycanın ən gəzməli yerləri -  Rayonlar

Payızda Azərbaycanın ən gəzməli yerləri -  Rayonlar backend

Payızın başlaması və havaların sərinləşməsi ilə Azərbaycanda daxili turizm istiqamətləri də dəyişir. Bu dövrdə dəniz turizmini təbiət, kənd, qastronomiya və mədəni marşrutlar əvəz edir.

Qaziler.az xəbər verir ki, turizm eksperti Samir Dübəndi “modern.az”a bildirib ki, payız sadəcə mövsümlərarası dövr deyil, Azərbaycanın bir çox bölgəsini kəşf etmək üçün ilin ən əlverişli vaxtlarından biridir.

“Yay istisinin azalması, təbiətdə rənglərin dəyişməsi və kənd təsərrüfatı məhsullarının yığımının başlanması açıq havada səfərlər üçün rahat şərait yaradır. Buna görə payız turizminə təbiət, qastronomiya, kənd həyatı və mədəni irsi birləşdirən kompleks səyahət mövsümü kimi baxmaq lazımdır”, – ekspert deyib.

Samir Dübəndinin sözlərinə görə, Qəbələ–İsmayıllı və Şəki–Zaqatala istiqamətləri meşə və dağ mənzərələri, kəndləri, tarixi abidələri və yerli mətbəxi ilə seçilir.

“Quba–Qusar bölgəsi dağ yürüşləri, haykinq, fototurlar və təbiət müşahidələri üçün əlverişlidir. Lənkəran–Astara–Lerik marşrutu Hirkan təbiəti, subtropik landşaftları, yerli mətbəxi və kənd turizmi ilə fərqli payız təcrübəsi təqdim edir. Göygöl və ətraf dağlıq ərazilər isə sakit istirahət, piyada yürüşləri və fotoqrafiya üçün maraqlı seçimdir”.

Ekspert bildirib ki, payızda haykinq və trekinq, milli parklara səfərlər, quş və vəhşi təbiət müşahidəsi, kənd və aqroturizm, məhsul yığımında iştirak, qastronomik turlar, tarixi-mədəni marşrutlar və sağlamlıq turizmi daha çox maraq doğurur.

“Payızın üstünlüyü ondadır ki, turist bir səfər çərçivəsində həm təbiəti, həm yerli həyatı, həm mətbəxi, həm də mədəni irsi yaxından tanıya bilir”, – Samir Dübəndi vurğulayıb.

Onun sözlərinə görə, payız mövsümü üzrə rəsmi statistika hələ açıqlanmasa da, hazırda turistlərin ən çox maraq göstərdiyi istiqamətlər arasında Qəbələ, Şəki, Quba–Qusar və cənub bölgəsi yer alır.