Amerikada yarpaqdan tualet kağızı istehsalına başlanılacaq

Amerikada yarpaqdan tualet kağızı istehsalına başlanılacaq backend

ABŞ-nin tualet kağızı və kağız dəsmallar istehsalçısı "Kimberly-Clark" şirkəti oduncaq lifini səhra bitkisi olan hesperaloe yarpaqları ilə əvəzləmək qərarına gəlib.

Qaziler.az xəbər verir ki, "The Wall Street Journal" (WSJ) qəzetinin məlumatına görə, bu yeni material məhsulu daha davamlı və yumşaq edəcək, istehsal isə daha ucuz və ekoloji cəhətdən təmiz olacaq.

Məqalədə qeyd olunub ki, şirkət artıq 20 ildir kağız istehsalında ağaclara alternativ axtarır. Bu müddət ərzində buğda samanından tutmuş toyuq lələklərinə və yosunlara qədər 70 fərqli variant yoxlanılıb. Hesperaloe bitkisi isə tamamilə təsadüfən, tədqiqatçıların Arizona ştatında tərk edilmiş bir plantasiya aşkar etməsindən sonra seçilib. Bu bitkilər orada xüsusi qulluq olmadan sağ qalmağı bacarıb. Adətən hesperaloe bitkisinə Meksika ərazilərində və Amerikanın cənub-qərbində rast gəlinir.

Şirkət bu tapıntının kommersiyalaşdırılması səylərini özünün "ay missiyası" adlandırır və uzunmüddətli tədqiqatlardan sonra oduncaqdan tamamilə imtina edərək onu bu bitkinin yarpaqları ilə əvəz etməyi hədəfləyir.

QAZİLER.AZ