Əgər Yerin bütün sakinləri eyni anda yuxarı tullanıb yerə düşsələr, planet demək olar ki, yerindən zərrə qədər tərpənməz.
Qaziler.az xəbər verir ki, bu qənaətə Luiziana Cənub-Şərq Universitetinin fiziki Rett Allen gəlib. Alim "UNILAD" nəşrinə verdiyi şərhdə bu fərziyyə ssenarisini impulsun və enerjinin saxlanması qanunları ilə izah edib.
Qiymətləndirmə zamanı alim Yerdə təxminən yeddi milyard insanın yaşadığını və onların hər birinin təxminən 30 santimetr hündürlüyə tullana bildiyini fərz edib. O bildirib ki, bütün insanların eyni vaxtda səthdən tullandığını təsəvvür etsək belə, planetə göstərilən təsir cüzi olacaq.
Yerin kütləsi təxminən 6 × 10²⁴ kiloqram təşkil edir, buna görə də bəşəriyyətin tullanmasından yaranan ümumi impuls planetin hərəkətinə demək olar ki, təsir etməyəcək. Allenin hesablamalarına görə, Yer əks istiqamətdə qısamüddətli bir təcil alacaq – saniyədə cəmi təxminən 2,6 × 10⁻¹³ metr. Bir saniyə ərzində planet hidrogen atomu radiusunun təxminən yüzdə biri qədər sürüşəcək ki, bu da praktikada hiss edilməsi qeyri-mümkün olan bir kəmiyyətdir.İnsanlar yerə endikdən sonra Yer öz ilkin vəziyyətinə qayıdacaq.
Fizikin sözlərinə görə, bu prosesi yayla birləşdirilmiş müxtəlif kütləli iki cisimlə müqayisə etmək olar: daha yüngül obyekt əhəmiyyətli dərəcədə çox yerini dəyişdiyi halda, ağır olanı yalnız cüzi dərəcədə tərpənir. Yer və bəşəriyyət nümunəsində isə belə bir "yay" rolunu qravitasiya (cazibə qüvvəsi) oynayır.
QAZİLER.AZ

