Smayllar həmsöhbətlə daha dərindən bağ qurmağa kömək edir.
Qaziler.az xəbər verir ki, bu barədə “Moskva 24” telekanalına psixoloq, şəxsiyyətlərarası və ailə münasibətləri üzrə mütəxəssis İrina Kotixina məlumat verib. O qeyd edib ki, yazışmalarda emojilərdən istifadə etmək həm də həyəcan hissini azaldır.
“Emojilər emosional bağı daha tez qurmağa kömək edir. Bunun səbəbi odur ki, beyin gülümsəyən smaylı demək olar ki, həmsöhbətin canlı təbəssümü kimi qəbul edir: güzgü neyronları aktivləşir və oksitosin hormonu ifraz olunur. Bu isə təhlükəsizlik hissi yaradır və intonasiyasız, mimikasız keçən quru mətni oxuyarkən yaranan narahatlığı azaldır”, — deyə Kotixina bildirib.
Psixoloq emojilərdən kontekstə uyğun istifadə etməyin vacibliyini vurğulayıb. O, hər hansı bir smaylın yerinə düşüb-düşmədiyinə şübhə yarandıqda, onun əvəzinə adi durğu işarələrindən istifadə etməyi məsləhət görüb.
QAZİLER.AZ

