İldırım vurması zamanı ağır xəsarətlərin böyük hissəsi addım gərginliyi və elektrik cərəyanının torpaq, metal konstruksiyalar və ya kommunikasiya xətləri ilə yayılması səbəbindən baş verir.
Qaziler.az xəbər verir ki, bu fikirləri RTU MIREA-nın Nanoelektronika kafedrasının professoru, fizika-riyaziyyat elmləri doktoru Aleksey Yurasov "Gazeta.Ru"ya səsləndirib. Onun sözlərinə görə, təhlükəsizlik insanın sadəcə yağış altında olmasından yox, ildırımı məhz harada gözləməsindən asılıdır.
İldırım çaxması zamanı möhkəm bünövrəli, beton və ya daşdan tikilmiş əsaslı binalarda sığınmaq təhlükəsizdir. İldırımötürən və düzgün torpaqlanmış elektrik sistemi ildırımın yaratdığı yüksək gərginliyi birbaşa yerin altına ötürərək binadakı insanları qoruyur.
"İldırım çaxarkən açıq pəncərələrdən uzaq durmaq, metal borulara, istilik batareyalarına və naqillərə toxunmamaq lazımdır. Çünki onlar elektrik cərəyanının yayılma yolunun bir hissəsinə çevrilə bilərlər", — deyə Yurasov izah edib.
Metal kuzovlu avtomobil də yaxşı sığınacaq sayılır. Geniş yayılmış yanlış fikrin əksinə olaraq, insanı qoruyan rezin təkərlər deyil, kuzovun özüdür. İldırım düşən zaman elektrik yükü metalın xarici səthi boyunca paylanır və salona demək olar ki, daxil olmadan torpağa keçir (bu hadisə Faradey qəfəsi effekti adlanır).
"Lakin ildırım zamanı kuzovun metal hissələrinə toxunmamaq və ehtiyac olmadıqda pəncərələri açmamaq daha yaxşıdır", — deyə ekspert vurğulayıb.
İldırımı tək ağacların, metal dayaqları olan talvarların altında, dirəklərin, elektrik ötürücü xətlərinin və ya hündür metal konstruksiyaların yanında gözləmək təhlükəlidir.
"İldırım daha çox ən hündür obyektləri vurur. Zərbədən sonra isə cərəyan ağacın gövdəsi və torpağın səthi ilə bir neçə metr məsafəyə yayıla bilir. Məhz buna görə də boşalma birbaşa insanın özünə düşməsə belə, o, ağır elektrotravma ala bilər", — deyə professor əlavə edib.
Əgər ildırım sizi açıq ərazidə yaxalayıbsa və yaxınlıqda əsaslı sığınacaq yoxdursa, yerə uzanmaq olmaz.
"Ayaqları birləşdirərək çömbəlmək və imkan daxilində torpaqla təması minimuma endirmək daha təhlükəsizdir. Əgər yaxınlıqda bir qrup insan varsa, tək bir ildırım zərbəsinin eyni anda bir neçə nəfəri vurmaması üçün onların arasındakı məsafəni bir neçə metrə qədər artırmaq məsləhətdir", — deyə Aleksey Yurasov bildirib.
Su hövzələrinin yaxınlığında isə xüsusilə diqqətli olmaq lazımdır.
"Pirsdə (körpüdə) olmaq, qarmaqla balıq tutmaq və ya metal çəpərlərin yanında dayanmaq da tövsiyə edilmir. Bütün bu obyektlər elektrik boşalmaları keçirə bilər", — deyə o məsləhətlətini yekunlaşdırıb.
QAZİLER.AZ

