Çində arxeoloqlar eramızdan əvvəl IV əsrə aid bir məqbərədə təxminən 3,7 litr maye aşkar ediblər. Kimyəvi analizin nəticələrinə görə, bu mayenin təxminən 2300 illik qədim pivə olduğu məlum olub.
Qaziler.az xəbər verir ki, araşdırma "Journal of Archaeological Science: Reports" (JAS) jurnalında dərc edilib.
Tapıntı Ninsya əyalətindəki Guyuan şəhəri yaxınlığında, Böyük Çin səddinin bir hissəsində, “Döyüşən çarlıqlar” dövrünə (təxminən e.ə. 475-221-ci illər) aid edilən qəbirdə aşkar edilib.
Alimlərin bildirdiyinə görə, Qədim Çində qıcqırdılmış içkilər tez-tez dəfn adəti olaraq məzarlara qoyulurdu. Hesab olunurdu ki, bu içkilər ölülərə o dünyadakı həyatlarında kömək edir.
Laboratoriya analizi mayedə aminturşular, yağ turşuları və karbohidratlar da daxil olmaqla 23 sinif üzvi birləşmənin, həmçinin maya hüceyrələrinin izlərini aşkarlayıb. Bundan əlavə, tədqiqatçılar darı, buğda və arpadan istifadə edildiyini müəyyən ediblər ki, bu da içkinin meyvə spirti deyil, məhz dənli bitkilərdən hazırlanan pivə olduğunu əminliklə sübut edir.
QAZİLER.AZ



