Böyük Britaniya sakini təxminən iyirmi il əvvəl ona göndərilən jurnalın bir nüsxəsini alıb.
Qaziler.az xəbər verir ki, bu barədə BBC teleradio korporasiyası məlumat yayıb.
Çester şəhərindən olan 52 yaşlı fantastika janrında yazan yazıçı Pol Edvards bildirib ki, "Mother & Baby" (Ana və Körpə) jurnalını təxminən 19 il əvvəl sifariş edibmiş. Nəşrdə uşaqların tərbiyəsi ilə bağlı məsləhətlər yer alıb. Həmin vaxt yazıçının qızı altı aylıq olub, ailə isə oğlan övladının dünyaya gəlməsini gözləyirmiş.
Britaniyalının sözlərinə görə, o, jurnalın vaxtında çatdırılmadığının fərqinə belə varmayıb. Göndəriş gözlənilmədən yalnız indi gəlib çıxıb.
Edvards qeyd edib ki, poçt xidmətinin üzrxahlıq qeydi olan, yarıya qədər cırılmış və büzüşmüş bağlamasını alıb və ilk növbədə içində nə olduğunu anlamayıb.
O, zarafatla qeyd edib ki, jurnal ona çatdırılana uşaqları artıq böyüyərək evi tərk edib. Hazırda onların 18 və 20 yaşları var və hər ikisi universitetdə təhsil alır.
"Royal Mail" şirkətindən bildiriblər ki, onlar şöbələrin və çeşidləmə avadanlıqlarının fəaliyyətini mütəmadi olaraq yoxlayırlar. Poçt xidmətindən ehtimal ediblər ki, jurnal itməyib, sadəcə illər sonra hansısa şəkildə yenidən poçt sisteminə düşüb və nəticədə ünvana çatdırılıb.
QAZİLER.AZ



