Heç bir xəritədə olmayan ada aşkar edilib

Heç bir xəritədə olmayan ada aşkar edilib backend

Alfred Vegener İnstitutunun ekspedisiya qrupu Antarktidanın Ueddell dənizində əvvəllər məlum olmayan bir adanı təsadüfən aşkar edib. Cəmi 130 metr uzunluğunda olan bu ada heç bir dəniz xəritəsində yoxdur və indi ona ad verilməlidir.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, Almaniyanın Alfred Vegener İnstitutunun (AWI) məlumatına görə, tədqiqatçılar fevral ayının əvvəlindən bəri “Polyarştern” buzqıran gəmisində ərazidə səyahət edirlər. Sərt hava şəraiti səbəbindən tədqiqat işi adanın şimal tərəfində sığınacaq tapmaq üçün məcburən dayandırılıb.

Qəfildən “bir az çirkli görünən” bir “buzlaq” peyda oldu, - deyə AWI alimi Dreutter bildirib. Daha yaxından baxıldıqda, onun təxminən 130 metr uzunluğunda, 50 metr enində və 16 metr hündürlüyündə bir ada olduğu məlum olub. Dəniz xəritəsində o, yalnız kəşf edilməmiş təhlükəli zona kimi qeyd olunub və faktiki yerindən bir dəniz mili məsafədə yerləşirdi.

Ada sistematik şəkildə tədqiq edilib, dron və exolot cihazı vasitəsilə qeydə alınıb. Adanın hələ ki, adı yoxdur. Bunun üçün planlaşdırılmış prosedur başa çatdırılmalıdır. Ada, həmçinin beynəlxalq dəniz xəritələrinə və digər vacib məlumat bazalarına əlavə olunacaq.