Əgər telefonda hər hansı casus proqram yoxdursa və ya cihaz zərərverici proqramla yoluxmayıbsa, normal şəraitdə telefon sizi gizli şəkildə 24/7 rejimində dinləmir. Ola bilər ki, bir çox oxucu bu fikirlə razılaşmasın. Amma gəlin, əvvəlcə məsələnin praktik tərəfinə baxaq, sonra texniki detallara keçək. Telefonun istifadəçini davamlı və icazəsiz şəkildə dinlədiyi sübut olunsa, bu, telefon istehsalçıları üçün həm ciddi hüquqi, həm də texnoloji risklər yaradar.
Bu barədə AZƏRTAC-a müsahibəsində “Samsung Electronics”də mobil təhlükəsizlik və süni intellekt həlləri üzərində işləyən proqram təminatı mühəndisi Adil Əliyev deyib.
“Bir çox ölkələrin qanunvericiliyinə görə, məhkəmə qərarı olmadan kimisə gizli dinləmək cinayət sayılır. Təsəvvür edin ki, məsələn, “Apple” şirkətinin istehsal etdiyi telefonların istifadəçilərinin gizli dinlənildiyi sübut olunur. Belə bir halda rəqiblər bundan dərhal istifadə edər, milyonlarla insan məhkəməyə müraciət edər və şirkət çox qısa müddətdə böyük reputasiya və maliyyə zərbəsi alar. Buna görə də belə bir mexanizmi böyük istehsalçıların şüurlu şəkildə tətbiq etməsi real deyil. Bu, onlara heç bir qazanc gətirməz, əksinə, çox ciddi zərər vurardı. Eyni məntiq digər böyük telefon istehsalçıları üçün də keçərlidir. Amma bu, o demək deyil ki, mikrofon heç vaxt aktiv olmur. Bəzi hallarda mikrofonun aktivləşməsi istifadəçinin tətbiqlərə verdiyi icazələrlə birbaşa bağlıdır.
Burada tez-tez verilən bir sual yaranır: Bəs danışdım və dərhal reklam çıxdı” effekti haradan gəlir? Bu, maraqlı bir fenomendir, lakin əsas səbəb mikrofon yox, məlumat analizinin gücüdür. Biz bu gün demək olar ki, bütün həyatımızı telefon üzərindən yaşayırıq. Axtarış tarixçəmiz, daxil olduğumuz saytlar, istifadə etdiyimiz tətbiqlər, günün müxtəlif saatlarında yerləşdiyimiz məkan, oxuduğumuz məqalələr, bəyəndiyimiz paylaşımlar və digər davranışlarımız birlikdə analiz edildikdə maraq dairəmizi çox dəqiq proqnozlaşdırmaq mümkün olur. Reklamlar da məhz bu məlumatlar əsasında formalaşdırılır. Çox vaxt bu proqnozlar danışdığımız mövzularla üst-üstə düşür və nəticədə insana elə gəlir ki, telefon onu dinlədi. Əslində isə telefon sizi “dinləmir”, sizi “tanıyır”, - deyə Adil Əliyev vurğulayıb.



