ABŞ-ın Kaliforniya ştatındakı Novato şəhərinin sakinləri sincabların hücumuna məruz qalıblar.
Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, buradakı uşaq bağçasının direktoru valideynlərə belə hücumlardan biri haqda məktub yazıb. Gəmiricilərdən biri təhsil ocağının yerləşdiyi binaya girərək müəllimin üstünə hücum çəkmiş və onun çiynindən dişləmişdir. Müəllim onu tullayanda sincab başqa bir sinfə qaçaraq oradakı uşaqlardan birini dişləmiş və başqa uşağın çiyninə tullanmışdır. Sonradan uşaq bağçasının mühafizəçisi heyvanı qova bilib.Heyvanları müdafiə təşkilatının üzvü hadisə yerinə gələrək sincabı küçəyə buraxıb. “Sincablar üçün bu, qeyri-adi hərəkət deyil”,-deyə “Marin Humane Society” təşkilatının nümayəndəsi Liza Blok bildirib. Onun sözlərinə görə, artıq sincabların hücumu haqda bir neçə məlumat daxil olub. Novatoda 8 zərərçəkən var.
Şəhər hakimiyyətindən bildirilib ki, bir neçə həftədir ki, bu cür hadisələr qeydə alınır. Onların fikrincə, sincabların bu cür davranışında onları yemləyən insanlar günahkardır. Belə hallarda gəmiricilər elə bilir ki, bütün insanlar onları yemləməlidir. Yem tapa bilməyəndə də onlar bu cür qəzəblənirlər.
Sonradan müəyyən olub ki, uşaq bağçasının tərbiyəçilərindən biri sincabı yedizdirib. Məktəbəqədər təhsil müəssisəsinin müdiriyyəti valideynləri inandırıb ki, sincabların buraya hücumu ilk dəfədir. O, uşaqları sincabları yedizdirməməyi tapşırıb. Zərərçəkən uşaq və müəllimə tibbi yardım göstərilib. Heyvanın quduzluq xəstəliyinin olub-olmaması haqda məlumat verilmir.