Böyük Britaniyanın Bedfordşir ştatında yaşayan Britaniya setteri Qordon Şarvud qanköçürmə üçün ən çox qan verən it kimi Ginnesin Rekordlar Kitabına düşüb.
Oxu.Az xəbər verir ki, bu barədə "Mirror" nəşri xəbər yayıb.
Onun sahibi Syu Mitçell bildirib ki, doqquz yaşlı it 45 dəfə qan verərək təxminən 200 itin həyatını xilas edib.
Şarvud 2017-ci ildə, 13 aylıq olarkən qan verməyə başlayıb və 2024-cü ildə doqquzuncu doğum gününə qədər davam edib. O, 2024-cü ilin iyulunda 40 dəfə qan verərək öz rekordunu qırıb və daha sonra bu rəqəmi 45-ə çatdırıb.
Syu qeyd edib ki, Şarvud öz sakit təbiətinə görə donorluq üçün ideal itdir. Onun sözlərinə görə, it insanları sevir, istənilən vəziyyətin öhdəsindən asanlıqla gəlir və hətta prosedurlar zamanı yuxuya gedir.
Syu Mitçellin digər iki iti də donordur: 11 yaşlı Bakster və 4 yaşlı Brinjal. Bakster 33 dəfə, Brinjal isə 19 dəfə qan verib.
İtlərin donorluq prosesi insanlarda olduğu kimidir: onların çəkisi ölçülür, sağlamlıq vəziyyəti yoxlanılır və təxminən 568 ml qan götürülür. Bir it gərginlik keçirsə, prosedur dərhal dayandırılır.