On ay mağarada saxlanılan və İspaniyada hərracda satılan “Cabrales” pendiri dünyanın ən bahalı pendiri olub.
Qaziler.az-ın məlumatına görə, bu barədə UPI məlumat yayıb.
Unikal süd məhsulu Anheliya Diaz Herrero pendir fabriki tərəfindən hazırlanıb və “Mejor Queso del Certamen” (ən yaxşı pendir) kateqoriyasında “DOP Cabrales” müsabiqəsinin qalibi seçilib. Daha sonra İspaniyanın Asturiya bölgəsində “DOP Cabrales” tənzimləmə şurasının himayəsi altında hərraca çıxarılıb.
2,27 kq çəkisi olan pendir inək südündən hazırlanıb və dəniz səviyyəsindən 1500 metrdən çox hündürlükdə yerləşən Los-Masos mağarasında təbii şəraitdə nəmləndirilib. Pendirin xüsusi şərtlər altında saxlanılması ona kəskin dad və ətir verən xarakterik göbələklərin inkişafına kömək edib.
Hərracda pendiri 42 min dollara almaq imkanına İspaniyanın məşhur “El Llagar de Colloto” restoranı malik olub. Restoranın menyusunda delikatesin görünəcəyi bildirilib.
QAZİLER.AZ