Helsinki Universiteti və Yuvyaskyulya Universitetindən olan fin alimləri işlənmiş bitki yağının tərkibində olan yağ turşularından istifadə edərək tullantılardan gümüş çıxarmaq üçün yeni üsul hazırlayıblar.
Qaziler.az xəbər verir ki, araşdırma “Chemical Engineering Journal” (CEJ) elmi jurnalında dərc olunub.
Müasir gümüş emalı texnologiyaları çox vaxt ətraf mühitə zərərli olan aqressiv kimyəvi maddələr tələb edir.
Təklif olunan üsul yağ turşularının (məsələn, oleik və ya linoleik) və seyreltilmiş hidrogen peroksidin birləşməsinə əsaslanır. Bu qarışıq gümüşü effektiv şəkildə həll edir, bundan sonra metal xüsusi reaktorda işıqdan istifadə edərək təmiz formada təcrid oluna bilər.
"Məqsədimiz metalların, xüsusən də mürəkkəb çoxkomponentli tullantıların təkrar emalı üçün ucuz və dayanıqlı üsullar yaratmaqdır" deyə araşdırmanın müəllifləri izah ediblər.
Gümüş elektronika, günəş panelləri və digər yüksək texnologiyalı sənayelərdə geniş istifadə olunur, lakin dünya istehsalının 20%-dən az hissəsi təkrar emal edilən mənbələrdən əldə edilir. Eyni zamanda, təbii ehtiyatlar tükənir və metalın qiyməti son 25 ildə 6 dəfə artıb.
QAZİLER.AZ