ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) Sovet əsgərlərinin uçan naməlum obyekt (UNO) ilə qarşılaşdıqdan sonra həlak olduqlarını iddia edən bir hesabat yayıb.
Oxu.Az xəbər verir ki, əvvəllər məxfi olan bu sənəd qurumun rəsmi saytında dərc edilib.
Sənəddə bildirilir ki, MKİ Sovet İttifaqının dağılması və Mixail Qorbaçovun istefasından sonra 1991-ci ildə Dövlət Təhlükəsizliyi Komitəsinin (KQB) arxivindən çoxlu material əldə edib. Bu materiallar arasında Sibirdə hərbi hissəyə UNO hücumu ilə bağlı 250 səhifəlik bir qovluq da olub.
İddiaya görə, bu qovluqda yalnız sənədli fotoşəkillər və eskizlər deyil, həm də hadisə şahidlərinin ifadələri də var. Materiallara görə, 1989-1990-cı illərdə hərbi hissənin üzərində boşqab formasında UNO peyda olub. Yer-hava raketi ilə vurulan obyekt bazadan uzaq olmayan bir yerə düşüb və içindən "böyük başlı və böyük qara gözlü" beş kiçik humanoid çıxıb.
Hadisədən sağ çıxmış iki əsgərin ifadəsinə görə, bu məxluqlar yaxınlaşıb "tək oval formalı obyekt formasında birləşiblər". Bu obyekt fit çalmağa və parlaq ağ işıq saçmağa başlayıb. Bir neçə saniyə sonra daha da parlaqlanaraq alovlanıb. Bu anda hadisəni izləyən 23 əsgər daş sütunlara çevrilib.
Hesabatda deyilir ki, UNO-nun qalıqları və "daşlaşmış əsgərlər" Moskva yaxınlığındakı gizli elmi-tədqiqat institutuna aparılıb. MKİ nümayəndəsi bildirib ki, əgər bu məlumat doğrudursa, bu hadisə son dərəcə narahatedicidir.
Sibirdə baş vermiş bu hadisə ilə bağlı əvvəllər heç bir rəsmi açıqlama verilməyib.