Los-Anceles hava limanında yapon qəlyanaltıları kimi ört-basdır edilən 37 canlı böcək ələ keçirilib.
Qaziler.az xəbər verir ki, bu barədə “CBS News” məlumat yayıb.
Los-Anceles Beynəlxalq Hava Limanında ABŞ Gömrük və Sərhəd Mühafizəsi əməkdaşları yapon qəlyanaltıları, şokolad və kartof çipsləri paketlərində gizlədilmiş onlarla canlı böcək aşkar ediblər. Qaçaqmal Yaponiyadan hava yolu ilə gələn yüklərə baxış zamanı ələ keçirilib. Müsadirə edilən əşyaların ümumi dəyəri 1480 dollar qiymətləndirilir.
“Bu böcəklər ilk baxışdan zərərsiz görünə bilər, lakin onlar faktiki olaraq ölkənin kənd təsərrüfatı resursları üçün ciddi təhlükə yaradır”, - deyə məlumatda qeyd edilib.
Mütəxəssislər izah ediblər ki, belə həşəratlar zərərvericilərə çevrilərək bitkiləri, yarpaqları və kökləri məhv edir. Həmçinin onlar ağacların qabığına yumurta qoyur və bu da meşələrə ziyan vurur.
Ekzotik həşəratlar çox vaxt kolleksiyaçılar və həvəskarlar tərəfindən axtarılır. Onların internet və yeraltı kanallar vasitəsilə qeyri-qanuni ticarəti kifayət qədər gəlirli olur. Odur ki, ABŞ-yə canlı həşərat idxal etmək üçün ABŞ Kənd Təsərrüfatı Departamentinin Heyvan və Bitki Təftiş Xidmətindən xüsusi icazənin alınması tələb olunur.
QAZİLER.AZ