“Alibaba Group Holdings” (Çin) “Youku Tudou İnc.” video xidmətinin səhmlərinin 81,7%-nin 4,77 milyard dollara satın alınması barədə razılıq əldə edib. İKT.lent.az-ın “Bloomberg”ə istinadən verdiyi məlumata görə, “Alibaba” hər səhmə 27,6 dollar ödəyəcək ki, bu da danışıqlar başlayarkən olan qiymətdən 35% çoxdur.
“Youku” xidmətinin satın alınması “Alibaba”nın film və seriallar nümayiş etdirməsinə imkan verəcək. “China Internet Network Information Center”in araşdırmasına əsasən Çində 461 milyon nəfər online videolar izləyir, onların arasında mobil istifadəçilərin sayı 354 milyon nəfərdir. (ABŞ-ın əhalisindən çox.)
Sövdələşmə “Alibaba”nın rəhbəri Cek Manın Hollivuda səfərindən sonra baş tutub. O, Hollivuddakı Çin studiyasının çəkdiyi “Yerinə yetirilməz missiya” filminə sərmayə qoyub.