Vanderbilt Universitetinin alimləri müəyyən ediblər ki, ilk dilimiz və genlərimiz arasındakı əlaqə mədəni ənənələrdən təsirlənir.
Qaziler.az xəbər verir ki, araşdırma yazısı “Proceedings of the National Academy of Sciences” (PNAS) jurnalında dərc olunub.
Tədqiqatçılar dünyanın hər yerindən 130 populyasiyanın məlumatlarına baxıb və aşkar ediblər ki, ənənələr dillərin və genlərin nəsillər arasında necə ötürülməsinə təsir göstərə bilər. Xüsusilə Afrikanın bəzi yerlərində uşaqların analarının ailəsinin əhatəsində böyümək ehtimalı daha yüksəkdir. Odur ki, onların dili analarının nəslindən keçən genlərlə daha sıx bağlı olur. Bununla belə, bütün regionlar üçün qlobal qanun yoxdur - çox şey yerli xüsusiyyətlərdən asılıdır.
Tədqiqatın müəlliflərindən biri olan dosent Nikol Krenza "İnsanlar dünya ətrafında hərəkət etdikcə onların genləri və dili də birlikdə təkamül edir" deyib. “Lakin kişi və qadınların miqrasiya yolları çox vaxt fərqlənir və bu, hər bir mədəniyyətdə genetika və dil arasında unikal əlaqələr yaradır”.
Alimlərin fikrincə, təkcə genetika insan təkamülünün bütün hekayəsini izah edə bilmir. Lakin onun dillər və ənənələr haqqında məlumatlarla birləşməsi bu prosesi daha yaxşı başa düşməyə imkan verəcək.
QAZİLER.AZ